Rəqəmsal jurnalistika ənənəvi mediadan fərqlənir

Bu sahə yaradıcılıq sahəsi deyil, burda dəqiq, ölçüləbilən, müqayisə olunan qanun və qaydalar var. Riyaziyyat kimi

(Əvvəli ötən sayımızda) 

Rəqəmsal xidmətlərin bütün sahələrində resursların populyarlığı, vətəndaşlar və biznes sektoru tərəfindən effektiv istifadəsi yetərli deyil. Həmçinin, vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə yaradılmış elektron dövlət xidmətləri və rəqəmsal həllərin istifadə qaydaları, hətta bəzi hallarda mövcudluğu haqqında da məlumat çatışmazlığı nəzərə çarpır. Bəzi hallarda isə hər hansı bir xidmətin jurnalist tərəfindən istifadə və ya test edilmədən, araşdırılmadan vətəndaşlara səhv və ya təhrif olunmuş şəkildə çatdırılması halları baş verir. 

Dezinformasiya faktorlarının və məlumat çirkliliyinin yeni yaradılan rəqəmsal xidmətlərə təsiri də bu sahənin inkişafı üçün maneə, eyni zamanda cəmiyyətdə çaşqınlıq yaradır. Dövlət, maliyyə-bank, ticarət və digər sahələr üzrə yeni yaradılan rəqəmsal məhsullar bəzi hallarda ilkin inkişaf mərhələsində yuxarıda göstərilən səbəblərə görə uğursuzluqla nəticələnə bilir. Xidmətin yaradılma mərhələsindən əvvəl cəmiyyətin xidmətə hazırlanılması baş tutmadığından yeni xidmətlərin uğursuz olma riski çoxalır. Son dövrlərdə Rəqəmsal Xidmət sahəsində fəaliyyət güclənib. Bu məqsədlə, yeni yanaşmalar tətbiq olunur və yeni xidmətlər vətəndaşların istifadəsinə verilir. Əsas məqsədi dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək olan Elektron Hökumətin İnkişafı Mərkəzinin fəaliyyəti birbaşa olaraq rəqəmsallaşmaya, institusional yeniliklərin və innovativ xidmətlərin tətbiqinə bağlıdır. Lakin bu xidmətlərin hədəf auditoriyasına, yəni vətəndaşlara düzgün və vaxtında çatdırılmasında jurnalistlərin rolu böyükdür. Mərkəz hazırda uzunmüddətli perspektivdə elektronlaşma və rəqəmsal xidmətlər haqqında jurnalistlərin təlimləndirilməsi ilə ictimaiyyətin düzgün məlumatlandırılmasına hədəflənib. 

Mərkəzin təşkilatçılığı ilə reallaşdırılacaq “Rəqəmsal Jurnalistikaya doğru” proqramının  sponsoru “Paşa Holdinq”dir. Proqramın əsas məqsədi media nümayəndələrinin rəqəmsal hökumət sahəsindəki trendlər, elektron xidmətlər və həllər haqqında məlumatlandırılmaları və bu xidmətlərin vətəndaşlar arasında düzgün təbliğinin təmin edilməsidir. Qeyd edək ki, rəqəmsal texnologiya jurnalistikanın mahiyyətini dəyişib. Eyni vaxtda sosial medianın ortaya çıxması jurnalistika sahəsində qəfil və sürətli yeniliyə səbəb oldu. Jurnalistika XX əsrin ikinci yarısında peşəkar sahə kimi formalaşdıqdan sonra medianın iki formasını özündə ehtiva etdirdi: çap və elektron media. Çap formasına qəzet və jurnalların çap edilməsi daxildir. Elektron mediaya isə radio və televiziya yayımı daxildir. Adi jurnalistikada məlumatın daxil və xaric olma prosesləri gedir. Müxbirlər, tədqiqatçılar məlumatı daxil edir, redaktorlar və təhlilçilər onun üzərində işləyərək formaya salır və istifadəçiyə təqdim edirlər.

Rəqəmsallıq (digitallıq) ayrı-ayrı kütləvi informasiya vasitələri arasındakı fərqləri aradan qaldıraraq, konvergensiyaya yol açır. Məhz bu mənada konvergensiya indi KİV-in gələcəyi haqqında müzakirələrin diskussiya obyektinə çevrilməkdədir. Belə bir elmi fikir də meydana çıxıb ki, yaxın on ildə konvergensiya prosesi nəinki KİV sistemini, habelə onunla bağlı sənaye sahələrini də tamamilə dəyişə bilər.

2000-ci ildən etibarən Qərb dünyasında jurnalistlərin böyük əksəriyyəti gündəlik işlərində internetdən müntəzəm istifadə edirlər. Əsas xəbər saytlarına əlavə olaraq, rəqəmsal jurnalistika indeks və kateqoriya, meta, şərh saytları, eləcə də, paylaşma və müzakirə saytları mövcuddur. Bloqlar ayrıca, şəxsi saytlardan tutmuş yüz minlərlə insanın auditoriyasına qədər yeni məlumatlar əldə edə bilən başqa bir rəqəmsal jurnalistika hadisəsidir. Rəqəmsal jurnalistika buludlu jurnalistika fenomeni, genişzolaqlı cəmiyyətdə davamlı məzmun axını ilə məşğuldur. 1999-cu ildə qurulan Onlayn Xəbərlər Birliyi, onlayn jurnalistləri təmsil edən ən böyük bir təşkilatdır, əsas funksiyası rəqəmsal təqdimat üçün xəbər toplamaq və ya istehsal etməkdən ibarətdir. Onlayn jurnalistika çox kiçik bir cəmiyyət içərisində jurnalistikadır. Jurnalistikanın digər növləri kimi onlayn jurnalistika da oxucu üçün çox əlverişlidir və keçmiş jurnalistikanın növlərindən daha çox məlumat təqdim edir.

Pulsuz və ucuzdur. Rəqəmsal jurnalistika, əlaqə və müzakirə aparmağa imkan verir. İnternetdən əvvəl heç görüşməmiş oxucular arasında kortəbii müzakirə etmək mümkün deyildi. Bir xəbərin müzakirəsi prosesi rəqəmsal jurnalistika üçün çox faydalıdır. Oxucular məlumatı müzakirə etmək istəyən digər şəxslərlə əlaqə qururlar.

Rəqəmsal jurnalistika xəbərlərin cəmiyyət tərəfindən necə istifadə olunduğunu göstərir. Onlayn mənbələr qısa müddət ərzində fasiləsiz xəbərlər verə, cəmiyyətə baş verən hadisələrin tezisini təmin edə bilər. Hadisənin inkişafı boyunca jurnalistlər bir neçə saniyə ərzində oxucuları aktuallaşdıran məlumatları onlayn mənbələr ilə təmin edə bilirlər. Bir xəbərin yerləşdiriləcəyi sürət, ümumiyyətlə, çap jurnalistikasında baş verməyən bir şəkildə hesabatın düzgünlüyünə təsir göstərə bilər.

Rəqəmsal cəmiyyət və yeni media üzrə beynəlxalq mütəxəssis, təlimçi Emin Hüseynzadə “Şərq”ə bildirib ki, rəqəmsal jurnalistika ənənəvi jurnalistikadan müxtəlif məzmun növlərinin eyni zamanda istifadəsi, interaktivliyi və yayımın xüsusiyyəti ilə fərqlənir. Onun sözlərinə görə, bura saytlar, rəqəmsal TV kanallar, sosial şəbəkələr vasitəsilə izləyiciyə yönələn məzmun və s. aiddir:

“Rəqəmsal jurnalistikasız media artıq on ilə yaxındır ki, yoxdur. Azərbaycanda bu sahənin bəzi istiqamətləri inkişaf edib. Bəziləri isə müxtəlif tənzimləmələrin düzgün olmaması səbəbindən hələ də ya yaranmayıb, ya da çox zəif inkişaf edir. Məsələn, rəqəmsal TV kanal sayı azdır. Rəqəmsal dalğaya çıxış asan deyil və qaydaları bəlli deyil. Regional və yerli kanalların yaradılmasında problemlər var. Digər tərəfdən onlayn media da rəqəmsal medianın böyük hissəsidir və bu səhədə inkişaf görünür, sadəcə burada da məzmun baxımından problemlər qalmaqdadır. Rəqəmsal media sahəsində təlimlərin, seminarların və daha lazımlı – konfransların və açıq müzairələrin keçirilməsi çox vacibdir. Real olaraq Azərbaycan bir çox qonşularından bu sahədə geri qalır. Universitetlərdə bu sahə çox zəif tədris olunur və media idarəçilərinin bu sahədə bilikləri müəyyən çərçivə daxilindədir. Maliyyə problemləri də bu sahənin inkişafına öz təzyiqini göstərir. Bu seminar haqda heç nə deyə bilmərəm, çünki proqramın məqsədləri ümumidir”. 

E.Hüseynzadə bildirib ki, Azərbaycanda bu sahədə mütəxəssislər olsa da, say nisbətinə görə azdır:

“Məsələn, Gürcüstan, Ukrayna, Mərkəzi Avropaya nisbətdə çox azdır. Üstəgəl, bu sahəyə maraq göstərən başqa sahənin adamlarının ekspert kimi cəlb olunması da yaxşı nəticələr verməyəcək. Jurnalistika kommunikasiyanın bir qolu olsa da onun özünün qaydaları və qanunları var. Kəsişən sahələrin mütəxəssislərinin çox istifadəsi jurnalistika öyrənənləri çaşdırmaqla nəticələnir. Məsələn, PR haqda danışan adama jurnalisti səhv yönəldə bilər. Ona görə jurnalistə PR-ı deyil, PR-ı anlamağı, onunla mübarizə aparmağı, PR-çılara düzgün, onları öz komfortundan çıxaran sualları verməyi öyrətmək lazımdır. Yaradıcılıq sahəsinin adamlarının jurnalistika tədrisində iştirakı da mənfi hallar yarada bilər. Mən təlimlərimdə işlətdiyim sözləri təkrar etmək istəyirəm: jurnalistika, o cümlədən rəqəmsal jurnalsitika yaradıcılıq sahəsi deyil, burda dəqiq, ölçüləbilən, müqayisə olunan qanun və qaydalar var. Riyaziyyat kimi”.

Ekspert vurğulayıb ki, bu sahədə mütəxəssis azlığı mediamızın pis vəziyyətdə olması ilə nəticələnib:

“Ortaya çıxarılacaq çox az material var. Onlarla sayt bir-birinin məzmunlarını kopyalamaqla məşğuldur. Sonra həmin o nüsxələmə işi ilə məşğul olan işçi maliyyə tapıb daha bir sayt açır və bu dövriyyə bitmir. Hansısa kritik anda jurnalistlər izləyicinin istədiyi sualı verə bilmir, media maraqlı məzmun göstərə bilmir. Hətta mənfi, əsəbiləşdirici səhv və ya saxta materiallar müzakirəyə çıxarılır. Bunu ciddi şəkildə dəyişməyin bir yolu var. İlk dördlüyü deyim: - universitet təhsilini jurnalistika sahəsində kökündən dəyişmək. Bu sahədə oxuyanlarının sayını on dəfələrlə artırmaq, bilgili rəqəmsal jurnalistlərin müstəqil icmalarını yaratmaq, orta məktəblərdə media bilikləri dərslərini tədris etmək”.