İki il bəs etdi !Pandemiya və zaman Paşinyanın əleyhinə işləyir

Sıravi ermənilər hətta işıq, qaz problemləri ilə də imtahana çəkilirlər



Pandemiya bəzi ölkələr və toplumlar üçün sadəcə sosial-tibbi imtahandır. Lakin ermənilər üçün pandemiyanın tamam fərqli anlamı var. Koronavirus sanki Ermənistana ilahi cəza kimi, ümummilli bəla kimi təşrif gətirib. Pandemiya gerçəkdən də Ermənistanı çökdürməkdədir. Paşinyan hökuməti böhranın öhdəsindən gəlməkdə tamamilə aciz qalıb.

Bütün erməni KİV-ləri və ekspertləri Ermənistanda yaranmış acınacaqlı durumla bağlı həyəcan təbili çalır. “Covid-19” infeksiyasına yoluxma halları hər gün durmadan artır. Bu gedişlə çox güman ki, düşmən ölkədə total təcrid rejimi tətbiq ediləcək. Çünki 3 milyona yaxın əhalisi olan Ermənistanda artıq 13 min 325 nəfər koronavirusa yoluxub, 211 nəfər isə ölüb. 

Düşmən ölkədəki kritik vəziyyəti “Şərq”ə təhlil edən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, açıqlanan rəqəmlər Ermənistanın nə qədər katastrofik durumda olduğunu aydın surətdə göstərir. Partiya rəhbərinin sözlərinə görə, Cənubi Qafqaz respublikaları arasında pandemiya göstəriciləri ilə bağlı durum yalnız Ermənistanda bu dərəcədə qorxuncdur:

“Erməni KİV-lərinin, Ermənistan siyasətçilərinin öz ölkəsini Gürcüstan və Azərbaycanla müqayisə etmələri üçün heç bir əsasları yoxdur. Amma ümumi mənzərə daha aydın olsun deyə, biz özümüz Azərbaycanla Ermənistan arasında müqayisə apara və ciddi statistik fərqləri ortaya çıxara bilərik. 10 milyon əhalisi olan Azərbaycanda cəmi 10 min 662 nəfər infekisyaya yoluxub.

Onlardan 5948 nəfəri sağalıb, 4588 nəfərin müalicəsi avam etdirilir, 126 nəfər isə dünyasını dəyişib. Keçirilən testlərin sayındakı nisbət fərqi də ermənilərin xeyrinə deyil. Azərbaycan bu günə qədər 391 mindən artıq koronavirus testi keçirib. Ermənistanda isə keçirilən test sayı bundan təxminən 5 dəfə azdır. Koronavirusun fəsadları ilə mübarizə məqsədilə xərclənən vəsaitin miqdarı ümumiyyətlə, müqayisəyəgəlməz ölçüdədir. Azərbaycan pandemiyaya qarşı mübarizə çərçivəsində 3.5 milyard manat xərcləyib.

Ermənistan cəmi 300 milyon dollar ayıra bilib. Hərçənd ki, pandemiya ilə mübarizə üçün Ermənistana edilən xarici yardımlar Azərbaycana aytrılan vəsaitlərdən qat-qat çoxdur. ABŞ hökuməti Azərbaycana 5.3 milyon dollar, Avropa Birliyi isə 14 milyon avro yardım edib. Həmçinin, Türkiyə, Çin və Rusiya ölkəmizə müəyyən qədər texniki-humanitar yardım göstərib. Ermənistana edilən yardımların miqdarı da, miqyası da bizə edilən yardımların həcmindən çox böyükdür. Düşmən ölkəyə Avropa Birliyindən 92 milyon avro ayrılıb. Eyni zamanda, Rusiya, Çin, İran, Bolqarıstan, Litva və Gürcüstan Ermənistana humanitar, texniki, tibbi yardımlar ediblər”. 

DADP sədri vurğulayıb ki, Ermənistan hökuməti pandemiyanın fəsadları ilə mübarizənin təşkili üçün inkişaf etmiş ölkələrdən, beynəlxalq maliyyə fondlarından maliyyə dəstəyi istəyib: “Loru dillə desək, Paşinyan onlardan pul dilənib. Ancaq Azərbaycan nəinki heç kimə ağız açmayıb və maliyyə yardımları istəməyib, əksinə, ölkəmiz özü indiyə qədər bir çox dövlətə koronavirusla mübarizə məqsədilə yardım edib. Eləcə də, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar maliyyə dəstəyi vermişik.

Bu saat Ermənistan təkcə yoluxma sayının təhlükəli dərəcədə artımı ilə və maliyyə sıxıntıları ilə deyil, eyni zamanda bir çox cari problemlərlə də üzləşib. Məsələn, panik durum yaşayan Ermənistan hakimiyyəti hazırda xəstəxanaların sayının azlığına görə, həddindən artıq narahatdır. Azərbaycanda 570 xəstəxana fəaliyyət göstərdiyi halda, Ermənistanda cəmi 130 xəstəxana var. Bu xəstəxana resursları təbii ki, yoluxma sayının sürətli artımına adekvat deyil. Həkimlərin sayına görə də Azərbaycan Ermənistandan yaxşı mənada fərqlənir. Bizdə həkimlərin sayı 31 min 800 nəfərdir, Ermənistanda isə 13 min 591 nəfər həkim fəaliyyət göstərir”. 

Ə.Hüseynov qeyd edib ki, Ermənistan test çubuqlarının qıtlığı baxımından da ciddi problemlə üzləşib: “Bunu Ermənistan Səhiyyə Nazirliyinin mətbuat üzrə sözçüsü Alina Nikoqosyan özü etiraf edib. O, “Facebook” səhifəsində bildirib ki, hazırda ölkədə koronavirusun test edilməsi üçün istifadə edilən test çubuqlarının çatışmazlığı yaşanır.

Bu isə onu göstərir ki, düşmən ölkədə pandemiya ilə mübarizə prosesində ən sadə tibbi ləvazimat sayılan test çubuqları belə çatışmırsa, bu gün Ermənistan hakimiyyəti heç bir uğurdan danışa bilməz. İnfeksiyaya yoluxma hallarının həndəsi silsilə ilə artması, karantin rejiminin nəticəsində ölkədə sosial-iqtisadi vəziyyətin daha acınacaqlı vəziyyətə düşməsi bizdən fərqli olaraq sıravi erməniləri hətta işıq, qaz problemləri ilə də imtahana çəkməkdədir. Son üç aylıq pandemiya dönəmində Azərbaycanla müqayisədə Ermənistan əhalisi elektrik və qazla təchiz olunmaq məsələsində çox ciddi problemlərlə üzləşib.

Pandemiya dövründə Azərbaycanda abonentlərin elektrik və qazın kəsilməsi halları ümumiyyətlə, baş verməyib. Ermənistanda isə 4300 abonentin elektrik enerjisi, 736 abonentin isə təbii qazı kəsilib. Bütün bunlar isə heç şübhəsiz ki, dərin ictimai-siyasi böhrana gətirib çıxarmalıydı”.
Politoloq bəyan edib ki, hazırda Ermənistanda siyasi böhranın gündən-günə dərinləşməsi də müşahidə edilir: “Ermənistanda pandemiyanın ağır fəsadlara səbəb olması, virusa qarşı mübarizənin düzgün aparılmaması birbaşa Paşinyan hökumətinin uğursuzluğu kimi təqdim edilir.

Baş nazirin opponentləri KİV-lərə verdikləri açıqlamalarda və siyasi debatlarda Ermənistanda “Covid 19”-un bu dərəcədə kritik nəticələrə səbəb olmasını Paşinyanın təhlükəyə qeyri-ciddi yanaşması, önləyici tədbirlərə vaxtında start verilməməsi ilə əlaqələndirirlər.

Sabiq baş nazir Hrant Baqratyanın bu yaxınlarda koronavirus pandemiyasının Ermənistanı çox zəiflətdiyini açıq şəkildə etiraf etməsi və “Mən Əliyevin yerində olsam 3-4 ay sonra Ermənistan və Qarabağa hücum edərəm” tipli qalmaqallı açıqlaması mənzərəni göstərir. Eləcə də Ermənistanın sabiq iqtisadiyyat naziri Armen Yeqizaryanın etirafları da düşmən ölkənin hansı durumda olmasını ortaya qoyur.

Sabiq nazir bildirib ki, ölkə hər gün təxminən 51 milyon dollar zərərlə işləyir və bu, Ermənistan kimi kiçik bir dövlət üçün olduqca ciddi rəqəmdir. Ermənistan əvvəlki dövlət başçılarının dövründə indiki qədər çıxılmaz vəziyyətə düşməmişdi. Paşinyanın Ermənistanı acınacaqlı duruma salması üçün ikicə il bəs etdi. İndi pandemiya və zaman Paşinyanın əleyhinə işləyir”.