Deyəsən başqa yolu qalmadı

Belə şərait davam etdikcə, qoruyucu maskalardan istifadə əlbəttə, məcburi tələb kimi qoyula bilər


Koronavirusun dərmanı, vaksini tapılmayıb. Bəlkə də tapılıb, kimlərsə “sandıqda” saxlayır, bunu bilmirik. Biz əlimizdə olan mümkün vasitələrdən istifadə edib maksimum özümüzü qorumağa çalışmalıyıq
Ankara, İstanbul və Bursa vilayətində koronavirusuun yayılmasında kəskin artım müşahidə edildiyi üçün, qoruyucu maskalardan istifadə məcburiləşdirilə bilər.
Trend-in məlumatına görə, bu məsələ Türkiyə Səhiyyə Nazirliyinin gündəliyindədir və yaxın vaxtlarda qərar veriləcək.
Türkiyədə koronavirus pandemiyasının artıq ikinci dalğasının başladığı elan edilib.

Son məlumata görə, Türkiyədə koronavirusa yoluxanların sayı 181 298 nəfər, sağalanların sayı isə 153 379 nəfərdir.
Son günlərdə Azərbaycanda da koronavirusa yoluxma sayında və təəssüf ki, ölüm hallarında da artım müşahidə edildiyindən, bizdə də qoruyucu maskalardan istifadənin məcburi olacağı gözləniləndir. Belə sərt tədbirlər yoluxma sayının qarşısını almaq üçün nə dərəcədə effektiv hesab edilir? 

İctimai-siyasi məsələlər üzrə analitik Azər Həsrət “Şərq”ə açıqlamasında qoruyucu maskalardan istifadənin məcburiləşdiriləciyini arzu etmədiyini, lakin, deyəsən, başqa çıxış yolu qalmadığını da bildirdi:
 
- Heç istəməzdim ki, belə bir məcburiliyə gedilsin. Mən Azərbaycan insanını daha şüurlu, daha anlayışlı və məsuliyyətli görmək istəyirəm. Amma, görünən budur ki, heç də hamı anlayışlı, məsuliyyətli davranmır. Əhalisinin 100 faiz savadlı olduğu bir ölkədə məcburiliyə gedilməməlidir. Vətəndaşlara sadə, anlayışlı bir tərzdə bildirilir ki, virusdan qorunmağın ən asan və mümkün yolu, həm də ən ucuz yolu qoruyucu maskalardan istifadə etmək, sosial məsafəni gözləmək, sosial təcrid qaydalarına əməl etməkdir. Bunlar hələ ki, mövcud olan, malik olduğumuz qorunmaq vasitələridir. Amma nə edəsən ki, əhali arasında biveclər də var. Anlamaq istəmirlər ki, qoruyucu maska taxmaqla başqasını virusa yoluxdurmağın qarşısını alırsan, eləcə də maska taxmaqla özün yoluxma riskini minimuma endirirsən. Maskalı bir insan həm özünü qoruyur, həm də ailəsini, doğmalarını, yaxınlarını, ətrafındakıları. Görün, qoruyucu maskanın nə qədər böyük qoruma əhatəsi var. Heç kim düşünməsin ki, virus ona bulaşmayacaq. Heç kim bu xəstəlikdən tam sığortalanmayıb. Çünki koronavirus hava-damcı yoluyla keçən infeksiyadır. Amma qoruyucu maskalardan istifadə edilsə, özümüzü virusdan qorumuş olacağıq. 

A.Həsrət bildirdi ki, dövlət virusla mübarizədə öhdəsinə düşəni yerinə yetirdi, bundan sonrası artıq əhalidən asılıdır: 

- Pandemiya yeni başlayanda mən demişdim ki, gün gələcək koronavirus statistikaya çevriləcək. Dünyada artıq yarım milyon insan virusa yoluxub. İnsanlar bundan nəticə çıxarmalıdır. Hər gün yoluxma sayı, ölüm sayı ilə bağlı rəqəmlər açıqlanır. Biz təhlükə ilə qarşı-qarşıya dayanmışıq. Amma yenə də bəziləri saymazlıq edir, məsuliyyətsiz davranır. Belə şərait davam etdikcə, qoruyucu maskalardan istifadə əlbəttə, məcburi tələb kimi qoyula bilər. İnsanlar başa düşməlidir ki, qoruyucu maskalar virusa yoluxmanın qarşısını alır. Nə qədər cahil olmalısan ki, buna əməl etməyəsən. Hindistanda polis əlində dəyənək əhalini maska taxmağa məcbur edir. Mən gözləmirəm ki, Azərbaycan xalqı o səviyyəyə ensin. 

Qoruyucu maskaların nəfəs darlığı yaratması iddiasına A.Həsrət belə cavab verdi: 

- Baxmayaraq ki, şəxsi avtomobilim var, mən eksperiment keçirdim; evdən çıxdım və uzun bir məsafədə piyada gəzdim, həm də maska taxaraq. Təxminən 3 saat maskada oldum və günün ən isti vaxtında, heç bir təngnəfəslik də baş vermədi. Demirəm, təngnəfəs olanlar yoxdur, insanın hansısa xəstəliyi, nasazlığı ola bilər və maska taxmaq ona əziyyət verər. Amma bu, kütləvi xarakter daşımır. Sadəcə, bir az diskomfortdur. Amma buna dözməliyik, yenə də öz sağlamlığımız üçün. Özümüzü qorumalıyıq. Əks halda, çox ağır vəziyyətlə üzləşəcəyik. Sabah kimsə şikayət etməsin ki, 103-ə zəng etdim, gecikdi, həkim çağırdım, gəlmədi. Heç bir dövlət pandemiya şəraitində kütləvi yoluxmaların və ölüm hallarının qarşısını ala biləcək tibbi resurslara sahib deyil. Əsrlərlə əvvəl İbn Sina yoluxucu xəstəliklərlə mübarizə üsullarını göstərib. Gigiyenaya, təmizliyə riayət etmək və özünütəcrid. Koronavirusun dərmanı, vaksini tapılmayıb. Bəlkə də tapılıb, kimlərsə “sandıqda” saxlayır, bunu bilmirik. Biz əlimizdə olan mümkün vasitələrdən istifadə edib maksimum özümüzü qorumağa çalışmalıyıq.