“Elə ev var ki, 100 il əvvəl tikilib, amma qeydiyyatsızdır” – Niyə əncam çəkilmir?  

“Evlər qanunsuz yerlərdə, kənd təsərrüfatı təyinatlı ərazilərdə, kommunikasiya xəttlərinin, dəmiryolunun üzərində tikilir”

“Həmçinin bələdiyyələrə aid olan hissədə tikilən evlər də var"



Ölkədə dövlət qeydiyyatına alınmayan xeyli sayda daşınmaz əmlak, o cümlədən ev var.

Zaman-zaman sözügedən məsələ haqqında danışılsa da, problem hələ öz həllini tapmayıb. Bu problem və problemdən çıxş yolları zaman-zaman Milli Məclisdə də müzakirə olunub. Amma görünən odur ki, məsələyə əncam çəkilmir. 

Odur ki, “Sherg.az” saytı olaraq qeydiyyata alınmayan xeyli sayda daşınmaz əmlakın taleyi ilə bağlı Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədovun fikirlərini öyrəndik. O, bu məsələdə çox ciddi problemlərin olduğunu vurğuladı: 



“Bəzən deyirlər ki, ölkə üzrə 50 faizdən çox ev dövlət reyestrinə salınmayıb. Bəlkə, həqiqətən, belədir. Hər halda təkcə paytaxtda yox, kəndlərdə də yüzlərlə qeydiyyatsız daşınmaz əmlak var. Çünki evlər qanunsuz yerlərdə, o cümlədən kənd təsərrüfatı təyinatlı ərazilərdə, kommunikasiya xəttlərinin, dəmiryolunun üzərində tikilir. Həmçinin bələdiyyələrə aid olan hissədə tikilən evlər də var. Elə ev var ki, 100 il əvvəl tikilib amma hələ də qeydiyyatsızdır”. 

S.Məmmədovun sözlərinə görə, qanunsuz yerlərdə tikilən evləri qeydiyyata almaq çətindir:

 “Bu istiqamətdə işlər aparılır, cəhdlər edilir. Və nəticəsi də olur. Qanunsuz tikililərin sayı xeyli azalıb. Lakin nəzərə almaq lazımdır ki, məsələni birdəfəlik, kökündən həll etmək asan deyil. Daşınmaz əmlakın icbari siğortası yalnız elə evlərə şamil edilir ki, onlar dövlət qeydiyyatında olsun. Bəs kənd təsərrüfatı təyinatlı yerlərdə tikilən və ya digər qanunsuz evləri necə dövlət reyestrinə salmalı? Bundan ötrü Nazirlər Kabineti əvvəlcə həmin torpağın təyinatını dəyişməlidir. Sonra o, yaşayış sahəsi kimi qeydə alınmalı və tikənin mülkiyyətçilik hüququ tanınmalıdır. Bütün bunlar qəliz və vaxt alan proseslərdir. Ona görə bütün qanunsuz mənzilləri birdən-birə qeydiyyata almaq, demək olar, mümkünsüzdür”. Kənan Novruzov