"Deputatlarımızdan biri dedi ki, toylar onlayn şəkildə olsun, bu gülüncdür" - Cavanşir Məmmədov

"Axı  camaatın nə qədər arzusu var. Bir-birinin övladının toyunda iştirak etmək istəyirlər"


21-ci əsrin vəbası,  ölüm saçan koronavirus infeksiyası uzun müddətdir ki, həyatımızın bir parçasına çevrilib. Artıq bu bəla haqqında eşitmədiyimiz bir gün belə yoxdur.

5 yaşındakı uşaqdan 90 yaşındakı qocaya qədər hamı Covid-19 pandemiyasının təhlükəsini  dərk edir, maskalardan, gigiyenik vasitələrdən istifadə edərək qorunmağın vacibliyini anlayırlar. Peşəsindən, sahəsindən asılı olmayaraq hər kəs bu virusdan üzərilərinə düşən zərər payını götürüb. İstər maddi, istərsə də mənəvi cəhətdən tükənənlər də az deyil. Hər zaman toylarda, şadlıqlarda olan müğənnilər də əziyyət çəkən təbəqəyə daxildir.

“Sherg.az”  məsələ ətrafında sevilən müğənni, əməkdar artist Cavanşir Məmmədovla həmsöhbət olub.

Həmin müsahibəni təqdim edirik.

- Cavanşir müəllim, koronavirus dövrünü necə dəyərləndirirsiniz?

- Əvvəla dövlətimizin qayda-qanunları var. Dövlət  də xalq üçün çalışır. Xalq da gərək heç olmasa dövlətə kömək eləsin. Deyirlər maska taxın, məsafə saxlayın, amma əməl etmirlər. Bəzi adamlar qulaq ardına vururdular, çoxları da inanmırdı. İndi getsinlər görsünlər xəstəxanalarda yer var, yoxsa yox. Gündə  50 dəfə televiziyada informasiya verirlər. Görürsüz cənab prezident də, xanımı da maska ilə gəzir. Dünyada heç bir prezident indiyə qədər  maska taxmayıb. Prezidentimiz mədəni insandır, demək istəyir ki, mən maska taxıram, siz də taxın. Özü də, Mehriban xanım da müraciət etdilər.   Xahiş etdilər ki, bacılarımsız, qardaşlarımsız, analarımsız,  nənələrimsiz, övladlarımsız özünüzü qoruyun. Niyə söz gec çatır ki?  Dövlət vaxtında qabaqlayıcı tədbirlər gördü.  Hörmətli prezidentimiz İlham Əliyev cənabları,  Vitse- prezidentimiz Mehriban xanım vəziyyətin qarşısının alınması yolunda qərarlar qəbul etdi. Amma sonra qaydalar yumuşaldıldı, gəldi bu nəticə çıxdı. Ona  görə qərarlara tabe olmaq lazımdır. 

- Pandemiya ilə  əlaqədar sizin işlər, toylar da yoxdur...

 - Bu da bilirsiz, nə qədər insanların dolanışığına ziyan vurur? Bazara çıxan meyvə tərəvəzin, unun, çörəyin satışı dayanıb. Taksi sürücüsündən   tutmuş toy sahibinə qədər  hər kəs əziyyət çəkir. Eyni zamanda  şadlıq sarayındakı xidmətçilərə də ziyan dəydi. Azərbaycanda 10.000 sənət adamı var. Bunların hamısının ailəsi, dolanması var.  Restoranlarda ofisiantlar, aşbazlar - hamı  toylarla  dolanır. Deyiləndə əməl etmək lazım idi ki, artım olmasın.  Belə hallar  bu vəziyyətə gətirdi. Dövlət tədbirlər görür ki, daha da yayılmasın...

- Toyların olmaması bütün sənətçilərə mənfi təsir göstərib, sizə necə?

- İndi bəzi sənətkarlar var ki, neçə ildir sənətdədirlər, xalq onları tanıyır. Məsələn Nisə xanım, Firuzə xanım,  mən və başqaları... Biz də, dostlarımız da sənətlə dolanmışıq. Bu gün əlində bir  neçə peşəsi olan  insanlar var.

- Necə?

- Misal üçün başqa sahədə işləyir, axşamlar da  məclislərə, toylara gedir. Ya aparıcı, ya müğənni, ya da musiqici kimi  məclislərdə iştirak edir. Yəni bir- neçə sahədə işləyir ki, qazancı çox olsun, ailəsini saxlasın. Bunlar əvvəlki sənətlərinə qayıdırlar.  Kimi bənnadı, kimi dülgərdi, kimisi də taksi sürücüsü , səsi, istedadı var,  oxuyub 5-10 manat qazanır.  Çörək qazanmaq pis  iş deyil,  oğurluq eləmir ki, əziyyət çəkir.  Deyirlər  dama-dama göl olar. İndi onlar öz sənətləri ilə məşğul ola bilirlər.  Tanıdığım belə adamlar var ki, onlar  pul qazanır, amma biz yox. Oturmuşuq evdə, eybi  yox, bu günə də şükür.  Neynəmək olar? Bu da sağlamlığımız üçündür, başqa çarə yoxdur. Düzdür gəlirimiz olmur, Allahın ətəyindən tutub dayanmışıq. Göydə Allah, yerdə  cənab prezidentimiz, onun xanımı... Nazirlər Kabineti nə qərar çıxardacaqsa biz də əməl edəcəyik, başqa cür ola bilməz. Onlar da xalq üçün çalışırlar, millətə ürəkləri  yanır ki,   dolana bilsinlər. Görünür vəziyyət  pisdir ki, qaydalar  sərtləşdirildi...

- Yenə də  toyların aqibəti bilinmir...

- Baxın metro, mallar və s.  işləyirdi. Bunlar işləyən vaxt deyildi ki, 10 nəfərdən çox restoranda oturmaq olmaz. Elə toyda masa arxasında 10 nəfər oturur, ona görə bəzi toyları etmək olardı. Axı millətin artımı da dayanır. Bir ay Ramazan, iki ay Məhərrəmlik, may, iyul və avqust aylarında da  toy etmirlər. Bir də yanvar və fevral aylarına toy salmırlar ki, qar yağar, yollar bağlanar, qonaqlar gələ bilməzlər.  Oldu 8 ay, yerdə qaldı  4 ay. Biz də o dörd ay qazandığımızı o biri aylara bölürük.  Yəni nisbətən yüngülləşdirmək olardı. Məsələn bir ay bundan əvvəl, heç olmasa cavanlar ailə qura bilərdi.  Deputatlarımızdan bir nəfər dedi ki, toyu  etmək  onlayn şəkildə olsun.

- Sizcə mümkün olmaz?

 - Xeyir, axı  camaatın nə qədər arzusu var. Bir-birinin övladının toyunda iştirak etmək istəyirlər. İşdən gəlib, toyda dincəlsin, bir tikə çörək yeyib şənlənsin. Onlayn toy etmək dünyada heç yerdə yoxdur.  Düzgün deyil axı, bundansa toy eləmə... Onlayn şəkildə toy  gülüncdür. 

- Sizcə nəzarət daxilində  toyların bərpa edilməsi mümkün olardımı?

- Deyirlər  restoranda 10 nəfər olar. Toyda 16 stolun əvəzinə 10 stol qoyulsun, aralarında da bir metr məsafə olsun.  İndi, heç bir xəstə adam evdən çıxmır. Qrip olan adam da evdən çıxmır ki, kiminsə yanında asqırsam, öskürsəm deyəcəklər koronavirusdu. Şadlıq saraylarında qapıda inzibatçı dursun, qızdırmanı ölçsün, sonra içəri buraxsın. 

- Sizcə bir xeyri ola bilər?

- Bunlar da məna verməz, gəlmədən hərarət salan dərman içərlər. Real söhbət deyil, odur ki, hamı  müntəzəm şəkildə  qanunlara riayət etsin.  Xəstə adamlar evdən çıxmasın. Metro, avtobus işləyir,  basabas olur. Toyda heç basabas olmur, toyda oturmaq olmaz? Əvvəllər 50 nəfər oynayırdı, indi beş nəfər rəqs edər. Qabaq  toya 400 adam dəvət edirdilər, indi 200 nəfər çağırarlar. 

- Son olaraq diləkləriniz?

-Allah xalqımıza da, dövlətimizə də, dövlət başçımıza da kömək olsun!