Şəhidlər və onların ailə üzvləri toxunulmaz olmalıdır - Qarabağ qazisi gileyləndi

Milli Məclisin vitse spikeri Adil Əliyev Parlamentin cinayət Məcəlləsinə şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddənin əlavə edilməsini təklif edib. Deputat bildirib ki, ölkə başçısının və birinci Vitse-prezidentin şəhid ailələrinə daim qayğısı var.

Millət vəkili qeyd edib ki, şəhidlərimiz, qazilərimiz insan üçün ən uca nemət olan canlarından üçrəngli bayrağın daim dalğalanması üçün keçiblər:

“Bizi narahat edən bir məqam ondan ibarətdir ki, vətənpərvərlik duyğularından uzaqlaşmış bəzi şəxslər sosial şəbəkələrdə, KİV-lərdə şəhidlərimizlə bağlı xoşagəlməz ifadələr işlədirlər. Cinayət Məcəlləsində təhqir edilən şəxslərlə bağlı xüsusi maddə var. Qeyd olunan proses isə kifayət qədər ağrılıdır. Bununla o ailəyə ikiqat əziyyət olur. Təklif edirəm ki, Cinayət Məcəlləsinə şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddə əlavə edilsin”.

Deputatın təklifini yüksək dəyərləndirdiyini deyən Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov “Sherg.az”a açıqlamasında bildirib ki, Türkiyədə şəhidlərə, qazilərə təhqiramiz ifadə işlədənlər qanunla ciddi şəkildə cəzalandırılır.

Qarabağ qazisi bildirib ki, vətən üçün canını qurban verən birinə qarşı təhqir səsləndirməyin ağır cəzası olmalıdır.

“Adil müəllimə bu təşəbbüsü üçün təşəkkür edirəm. Amma yalnız şəhidlərin yox, həmçinin şəhid ailələrinin təhqir olunması üçün dövlət səviyyəsində işlər görülməlidir. Şəhidlərə, qazilərə qarşı təhqirlərin yağıdırılması mənəvi terrordur. Lakin bəziləri şəhidlərimizi istədiyi kimi təhqir edir. Şəhidləri, onların ailələrini, qaziləri təhqir etməkdən zərrə qədər çəkinmirlər. Onlar nəyə arxayındılar? Əlbəttə ki, cəzasızlığa. Ona görə də cəzalar müəyyənləşməlidir”. 

F.Məmmədov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda xidməti olan şəhidlər və onların ailə üzvləri toxunulmaz olmalıdır:

“Deputatlar gedib 2500-3000 maaş alıb bəy kimi yaşayırlar, hələ bir toxunulmazlıqları da var. Qazi vətən üçün ayağını, qolunu, gözünü itirir, 200-300 manatla ailə saxlayır və toxunulmazlığı yoxdur deyə kimsə ürəyi istədiyi sözü onlara deyir. Millət vəkillərinə hörmətim var. Amma deputatların toxunulmazlığı varsa, qaziliyin şərəfi, xidməti, vətən üçün verdikləri deputatın verdiyindən azdır? Rövşən adlı qazimiz var, 25 ildir yataqda çürüyür, pamperslə yatır. Hələ bir təhqir də olunmalıdır? Kimliyindən, vəzifəsindən asılı olmayaraq şəhidi, qazini təhqir edən insan bilməlidir ki, onu qanunla ağır cəzalar gözləyir. Qanun şəhidlərimizi qorumalıdır”.