MÜHÜM TƏKLİF: “Psixoloji xidmət göstərən qaynar xətt yaradılsın !”


“İlk növbədə onu deyim ki, aqressiv ifadələr işlətmək olmaz. Kütləyə çağırışın forması dəyişməlidir”.

Bu sözləri karantin rejiminin avqustun 1-dək uzadılması ilə bağlı “Sherg.az”a danışan psixoloq Fərqanə Mehmanqızı deyib.  Onun fikrincə, insanlara həm də psixoloji dəstək lazımdır: “Karantin rejiminin uzadılması və digər addımlar əhalinin sağlamlığı üçündür. Buna heç kim etiraz edə bilməz. Sadəcə psixologiyanın insan səhhəti qədər vacib olduğunu nəzərə almaq lazımdır. Pandemiyanın və karantin rejiminin nə qədər davam edəcəyini heç kim bilmir. Təklif edirəm ki, psixoloq xidməti göstərən qaynar xətt yaradılsın. Eyni zamanda efirlərdə psixoloji proqramların hazırlanmasını da məqsədəuyğun hesab edirəm. Bu yolla insanlar müəyyən qədər aqressiyadan azad ola bilərlər”

 Psixoloqun fikrincə, koronavirus pandemiyası özü ilə birlikdə çox ciddi psixoloji travmalar gətirdi:

“Bunu müəyyənləşdirməkdən ötrü insanların bir-biriləri ünsiyyətlərini müşahidə etmək kifayətdir. Çoxumuzda gələcəkdə panik-ataka səbəb ola biləcək aqressiya yaranıb. Bu, yaxşı deyil. Biz pandemiya bitəndən sonra da psixoloji travmaların altını çəkəcəyik. Bir misal deyim, indi hamı evdədir. Övlad bütün günü ana, atasını görməyə öyrəşib. İki həftədən sonra vəziyyət düzələndə isə valideynlər işə gedəcək, uşaq isə zərurəti başa düşmədən onlar üçün darıxacaq”. 

 F. Mehmanqızı, həmçinin xəstəliyin gözünün içinə dik baxmağın lazım olduğunu vurğuladı:

“Bəli, virus var. Qorunmaq şərtdir. Hər kəs sosial izolyasiya qaydalarına əməl etməli, o cümlədən maska taxmalı, spirtdən istifadə etməlidir. Amma bu, o demək deyil ki, mövcud vəziyyəti dünyanın sonu kimi qəbul etməliyik. Əsasən xroniki xəstələr və yaşlılar bu xəstəliyi ağır keşirirlər. Digərləri isə xəstəliyə müqavimət göstərməyi bacarır. Yəni dediyim kateqoriyadan olanlar daha diqqətli davranmalıdırlar. Gözügörünməz düşməni gözümüzdə həddindən çox böyütmək mənfi nəticə verə bilər. Odur ki, tövsiyə xarakterli çağırışların sayı çoxalmalı, hər kəs özünü qorumalı və maariflənməlidir”.