“Sosial şəbəkələrdə milli maraqlarımıza hücumlar təşkil edilir"

"Hazırda koronovirus pandemiyası dünyada qlobal ekstrimal vəziyyət yaradıb və deməli kollektiv qeyri şüuri davranış üçün real  sosial psixoloji zəmin var" .
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili,  politoloq Hikmət Babaoğlu deyib. 

Deputatın sözlərinə görə, bu sosio-psixoloji davranış  qeyri şüuri və kütləvi  olduğu üçün fərdin sosial davranışı zamanı sosial məsuliyyəti avtomatik olaraq  iqnor edir: 

"Hər bir xalq  kütləvi psixoza və kollektiv qeyri-şüuri davranış tələsinə düşmədən öncə,  bu barədə mütləq  düşünməlidir.  Şübhəsiz ki ,bu həm də  həmin xalqın ziyalılarının və intellektual ictimai institutlarının  davranışlarından da xeyli dərəcədə  asılıdır. Ona görə də  inkişaf etmiş, özünü və dəyərlərini dərk edən cəmiyyətlərdə  kollektiv qeyri-şüuri davranışlar olmur.
Belə vəziyyətə cəmiyyətin ümumi maraqlarını təhlükə altına alan ekstremal hadisələrin yaranma ehtimalı artır. Hazırki mərhələdə ayrı ayrı güc mərkəzləri  sosial şəbəkələrdən xüsusi informasiya aləti kimi istifadə etməklə kütləvi xaos və iğtişaşlar törətməyə cəhd edirlər. Bu günlərdə Azərbaycanın koronovirusa qarşı mübarizədə əldə etdiyi uğurları heçə endirmək üçün paralel olaraq iki istiqamətdə milli maraqlarımıza qarşı hücumlar təşkil edilir. Bunlardan biri internet resurslarında xüsusi olaraq yaradılan ,”Virtual sosial liderlər”,  yaxud “beşinci kolon” vasitəsilə digəri isə klassik və ənənəvi sosial aktorlar vasitəsilə ( şərti olaraq sərhəd hadisələri timsalında )  həyata keçirilir.  Ancaq bu paralel hadisələr  heç şübhəsiz ki, eyni mərkəzdən idarə olunur və bu mərkəzin adı antiazərbaycançı və islamafob mərkəzlərdir.  Sərt sosial özünütəcridlə bağlı hadisələr daha çox sosial şəbəkələr vasitəsilə istismar edilir. Vətəndaşlarımızın ölkəyə gətirilməsi ilə bağlı yaradılan xüsusi mexanizm də klassik aktorlar tərəfindən istismar edilir. Nəticədə milli maraqlarımız çarpaz və hibrid hücuma məruz qalır".

H.Babaoğlunun sözlərinə görə, belə məsələlərdə ilk növbədə cəmiyyətimizin ictimai fəal institutları ciddi şəkildə maariflənmə və pozitiv yönləndirmə hərəkətləri etməli, ikincisi  isə sosial şəbəkələrdəki virtual liderlərə qarşı hüquq- mühafizə orqanlarımız qəti tədbirlər görməlidirlər:

"Bunun üçün qanuni və hüquqi əsaslarımız kifayət qədərdir. Sadəcə, kibercinəyatkarlığa qarşı mübarizə üçün polislərimizi və digər təhlükəsizlik orqanlarında olan  müvafiq  qurumlarımızı daha da gücləndirməliyik. Eyni zamanda düşünürəm ki , Operativ Qərargah nəzdində sosial  pisixologiya və kütləvi   davranışların analizi üzrə ixtisaslaşmış mütəxəsislərdən ibarət  xüsusi qrup yaradılmalı, ayrı ayrı faktlar analiz edilərək onların baş verməməsi üçün xüsusi rəylər hazırlanmalıdır ki , Qərargah qərarlar qəbul edərkən həmin analizin nəticələrinə uyğun olaraq xüsusi vacib sosio-psixoloji nüansları nəzərə alsınlar. 

Əslində,  isə bizim milli mentalitetimizi formalaşdıran iki mühüm komponent, dini və milli ənənələrin hər ikisi, kütləvi qeyri –şüuri davranışı rədd edir. Bu isə daha effektiv tədbirlər almağımıza əlavə yardım göstərə bilər".