Dərman dəllallığı ! - Şəfa yox, bəla gətirir: “Bu, əsl genosiddir” - VİDEO

“Ona görə də dövlət diqqətli olmalı, nəzarəti gücləndirməlidir”

“Çox zaman həkimlərlə apteklər “partnyor” olurlar. Həkim bahalı və yararsız dərmanı yazır, əvəzində isə aptekdən faiz alır. Buna yol vermək olmaz”



Sosial şəbəkələrdə yayılan  video müzakirələrə səbəb olub. Həmin görüntülərdə bir qadın “Esensial forte” dərmanının saxta olduğunu sübut edir. O, kapsulanı açır və içində heç nə olmadığını göstərir. Qadının sözlərinə görə, bu barədə ona həkimi xəbərdarlıq edib: “İnsaflı bir həkim məndən dərmanı neçəyə aldığımı soruşdu. Cavab verdim ki, 12 manata.  Bu dərmanın Rusiyada 32 manat olduğunu bildirdi. Və dedi ki, evə gedəndə kapsulanı aç, içinə bax...”. 

Deməli, 12 manat pul sözün əsl mənasında havaya uçub. Qadının sağlamlığı isə indiyə qədər nəinki düzəlməyib, hətta pisləşib. 

 Məsələ ilə bağlı “Sherg.az”a danışan Azərbaycan Demokrat Partiyasının sədri, məhkəmə-tibbi eksperti Sərdar Cəlaloğlunun sözlərinə görə, bu, çox ciddi bəladır:



“Belə hallar çoxdan var. Əslində təkcə Azərbaycanda yox, dünyanın hər yerində, elə qonşu Türkiyədə də dərman saxtakarlığı var. Bir çox hallarda dərmanların tərkibində təsiredici element lazımi qədər olmur. Ya da üumiyyətlə, təsiredici elementə rast gəlinmir. Nəticədə xəstə sağalmaq əvəzinə, daha da pisləşir. Bəzən də ölümcül vəziyyətə düşür. Həm də dərmanların yan təsirləri faydasından daha çoxdur. Odur ki, zərurət olmadığı halda dərmandan qaçmaq, təbii yolla müalicəyə üstünlük vermək lazımdır”. 

 S.Cəlaloğlunun fikrincə, sözügedən neqativ halla mübarizə aparmaq üçün dövlət nəzarəti güclənməlidir:

“Bu, əsl genosiddir. Ona görə də dövlət diqqətli olmalı, nəzarəti gücləndirməlidir. Çox zaman həkimlərlə apteklər “partnyor” olurlar. Həkim bahalı və yararsız dərmanı yazır, əvəzində isə aptekdən faiz alır. Buna yol vermək olmaz. Eyni zamanda insanlarıın sağlamlığı üçün təhdid yarada biləcək məhsulların, o cümlədən dərmanların ölkəyə daxil olması qadağan edilməlidir. Bəziləri vətəndaşların sağlamlığını təhlükəyə atmaq naminə ciblərini doldurmağa üstünlük verirlər. Heç kimdə onlara “qaşın üstündə gözün var” demir. Beləliklə, analoji hadisələr çoxalır. Nəzarət güclənmədiyi müddətcə belə də davam edəcək”.