Alim jurnalistlərə haqq qazandırdı: “ “Tərəfindən” və “hansı ki" ifadələri uyğun deyil” - İŞLƏTMƏYƏK! 

“Maarifləndirmə aparılmalı, tövsiyə xarakterli çağırışlar edilməlidir”

“Amma xüsusi qanun qəbul etmək, əmr imzalamaq düzgün deyil. Onda gərək nə qədər insan məsuliyyətə cəlb olunsun”




“Asvision.az” saytının baş redaktoru Vüsal Məmmədov “tərəfəmizdən” sözünün işlənməsinin qanunla qadağan olunmasını təklif edib. O, bu barədə özünün “Facebook” hesabında yazıb: “"Tərəfimizdən … edilmişdir" ifadəsini qanunla qadağan etmək lazımdır. Bu, Azərbaycan dili deyil”. 
Jurnalistin “Facebook” statusuna yazılan rəylər də maraqla qarşılanıb. 

Məsələn, yazıçı Şərif Ağayar yazıb: “İnanın bu ifadəni oxuyanda gələcəyə olan ümidlərimi itirirəm. )))) Əsl moltanı dili bu olsa gərək. Bizim dəftərxana dilində bu cür uğursuz ifadələr çoxdur. Ciddi şəkildə baxılmalı, müzakirə olunmalı və çox rahat əvəz eidlməlidir. Bizdə üslubu bu cür yanlış ifadələrlə qarışdıranlar olur. Üslub vacibdir. Amma ifadələr də dilimizijn qaydalarını zorlamamlıdır”. 

 “Şərq” qəzetinin redaktoru Ayyət Əhməd Vüsal Məmmədovun təklifini dəstəkləyib:

“”Hansı ki"ni də əlavə edə bilərik...Bu "tərəfindən, tərəfimizdən" digər dillərdən gəlmədir. Məsələn, fransızlar deyir: ce roman a ete ecrit par(tərəfindən) Victor Hugo - Bu roman Viktor Üqo (Hüqo yox, bizdə bu da düzgün tələffüz edilmir) tərəfindən qələmə alınıb. Bu fransız dilində "la forme passive"dir. Hətta bu gün fransızların özləri belə bu formadan məcbur qalmadıqca istifadə etmirlər. Amma bizim gözünə döndüklərimiz "tərəfindən"in birini 3 qəpikdən... Bunu kim, niyə dilimizə gətirib, anlamaqda çətinlik çəkirəm”.

Jurnalist Nadir Qocabəylli də müsbət reaksiyasını bildirib: 

“Məncə, dilə inzibati qadağa qoymaq real nəticə verməz. Ancaq təbliğatla, özümüz düzgün danışmaq və yazmaqla çox şeyə nail ola bilərik. "20 faiz torpaqlarımız ermənilər tərəfindən işğal olunmuşdur" kimi eybəcər cümlələr əvəzinə, "Ermənilər torpaqlarımızın 20 faizini işğal ediblər" yazmalı və deməliyik. Qulaq nəyi çox eşitsə, göz nəyi çox görsə, dil onu təkrarlayır”

 Dilçi-alim Adil Babayev isə “Sherg.az”a açıqlamasında inzibati metodun düzgün mübarizə üsulu olmadığını söyləyib:

“Həm “tərəfindən”, həm də “hansı ki…” ifadəsi bizə ruslardan keçib. Bunlar rus dilində işlənən qrammatik quruluşdur və bizim dilimizə uyğun deyil. İnsanlara başa salınmalıdır ki, bu ifadələrin işlənməsi linqvistik cəhətdən Azərbaycan dilinə uyğun deyil. Maarifləndirmə aparılmalı, tövsiyə xarakterli çağırışlar edilməlidir. Amma xüsusi qanun qəbul etmək, əmr imzalamaq düzgün deyil. Onda gərək nə qədər insan məsuliyyətə cəlb olunsun”.