Millət vəkili: "Ermənistanın baş naziri bir daha öz yalançı siyasətini ifşa etdi”

“Avropaya inteqrasiya ilə bağlı fəal siyasət yürüdən Azərbaycanın bu istiqamətdə atdığı addımlar Qərbdə geniş təqdir olunmaqdadır”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında Milli Məclisin üzvü Müşfiq Cəfərov söyləyib.

Deputat bildirib ki, elə bunun nəticəsidir ki, müxtəlif beynəlxalq təşkilatlar, eləcə də ayrı-ayrı Avropa ölkələri Azərbaycanla əməkdaşlığın daha da genişləndirilməsini vacib hesab edirlər: 

“Belə vəziyyətdən məharətlə istifadə edən Azərbaycanın milli maraqları çərçivəsində gördüyü işlərin ümumilikdə əsas məqsədi dünya dövlətləri ilə qarşılıqlı əlaqələrini möhkəmləndirməkdədir. "Şərq tərəfdaşlığı" proqramı Azərbaycanın Avropaya inteqrasiyasında mühüm rol oynamaqla yanaşı, ölkəmizə iqtisadi, siyasi sferada da mühüm üstünlüklər vəd edir. 2008-ci ilin may ayında təsis olunan proqramın əsas məqsədi iştirakçı dövlətlərin perspektivdə Avropa İttifaqına üzvlüyünü sürətləndirmək və bu istiqamətdə əməli addımlar atmaq idi. "Şərq tərəfdaşlığı" proqramı Avropa İttifaqının son illərdə Şərq qonşuları ilə əlaqələrinin inkişaf etməsinə, daha da  dərinləşməsinə xidmət edir”. 

M.Cəfərov deyib ki, "Şərq tərəfdaşlığı" proqramına daxil edilən ölkələr, o cümlədən Azərbaycan son dövrlərdə xeyli üstünlüklər əldə edib: 

“Buna nümunə kimi proqramda iştirak edən ölkələrlə ümumi daxili bazarın formalaşdırılması məqsədilə tədbirlər planının hazırlanması və həyata keçirilməsini göstərə bilərik. Bununla da vahid və hərtərəfli azad ticarətin inkişafına zəmin yaradıldı. Proqram perspektivdə tərəfdaş ölkələrin vətəndaşları üçün vizasız rejimin tətbiqinin nəzərdə tutulması lahiyəsi hazırlanması da nəzərdə tutulurdu. Bu proqram ölkəmiz üçün həyata keçirilən növbəti uğurlu addım oldu. Bununla da  2013-cü ildə Azərbaycan ilə Avropa Birliyi arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında saziş imzalandı. Bu Avropaya inteqrasiyanı daha da sürətləndirən amil oldu. Saziş Azərbaycan vətəndaşları üçün qısa müddətli vizaların daha asan və ucuz alınmasını təmin edir. Bu gün Azərbaycan vətəndaşlarına qısamüddətli Şengen vizası almaq üçün daha az sənəd toplusu hazırlamaq lazım olur, onların baxılma prosesi də daha az vaxt tələb edir. Həmçinin vizanın qiyməti də iki dəfə azaldılmışdır. "Şərq tərəfdaşlığı"ı proqramının gündəliyində duran əsas məsələ Avropanın cənubundakı və şərqindəki qonşuluğuna mənsub olan ölkələrlə ortaq maraqlar əsasında demokratiyanın təbliğ olunması, hüququn üstünlüyü, insan haqlarına hörmət, sosial inkişaf naminə əməkdaşlığı nəzərdə tutur”. 

Parlament üzvü qeyd edib ki, 2019-cu ildə proqramın yaradılmasının on illik hesabatında göstərilirdi ki, bu illər heç də hədər keçmədi: 

“Əksinə, tərəflərin müxtəlif sahələrdə qurulan əməkdaşlığında əhəmiyyətli nəticələrə nail olundu. Avropa İttifaqına təqdim olunan  hesabata görə  10 il ərzində təşkilat Azərbaycan iqtisadiyyatına böyük sərmayəlar qoymuş və ölkənin əsas ticarət tərəfdaşı olmuşdur. Ölkəmizin ümumi ticarət dövriyyəsində təşkilatın payına 48,6 faiz düşüb. Azərbaycan "Şərq tərəfdaşlığı" proqramı ilə əhatə olunan 9 üzv ölkələrin içərisində Avropa İttifaqı ilə həyata keçirilən Tvinninq layihələrinin sayına görə ön sıralarda dayanır. Bu lahiyələrin 38-i reallaşıb, 10-i isə hələ də həyata keçirilməkdədir. "Şərq tərəfdaşlığı" proqramının mövcudluğu, proqrama daxil olan ölkələr arasında  əlaqələr, birgə proqramlar, daha çox dəstək bütün bu proseslərin daha güclü  strukturlaşmış şəkildə həyata keçməsinə imkan yaratdı.
Proqrama daxil olan dövlətlərin inteqrasiyaya və islahatlara olan marağı bir-birindən fərqlənir. Azərbaycan bu sahədə özünü doğrultmaqla Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu təsdiq etmişdir. Ümumiyyətlə "Şərq tərəfdaşlığı" kimi birləşdirici platformalar Aİ ilə Şərq ölkələrini qarşılıqlı faydalı layihələr üzərində birgə işləməyə sövq edir”.

M.Cəfərovun sözlərinə görə, Şərq Tərəfdaşlığı ölkələrinin fəaliyyət istiqamətlərinin içərisində dörd daha prioritetli sahə təhsil və gənclərin inkişafı, səhiyyə, regionların inkişafı, kiçik və orta sahibkarlığın dəstəklənməsidir: 

“Avropa İttifaqı, Azərbaycanda inkişafa yönəlmiş bütün layihələrə hər zaman iki kateqoriyaya aid vətəndaşları - Dağlıq Qarabağ münaqişəsində daha ağır zərbələrə məruz qalmış qaçqın və məcburi köçkünləri, eləcə də qadınları cəlb etməyə çalışır. Hansı ki ölkədə hələ də istifadə olunmayan irimiqyaslı potensialı təşkil edir. Bu da təşkilatın Dağlıq Qarabağ məsələsində dövlətimizə dəstəyini və ədalətli mövqeyinin əyani təzahürüdür. Azərbaycan daim hərtərəfli və genişləndirilmiş  siyasəti ilə Avropa ölkələrinin diqqət mərkəzində olub. 18 mayda baş tutan videokonfrans formatında görüşdəki prezident İlham Əliyevin çıxışı Azərbaycanın xarici siyasətdəki uğurlarının daha bir göstəricisi kimi qəbul olunmalıdır. Bu da öz növbəsində beynəlxalq arenada  dövlətin mövqeyinin güclənməsinə xidmət edir.
Görüşdə iştirak edən Ermənistan tərəfi yenə öz dilinin bəlasına düşdü desək səhv etmiş olmarıq. Ramin Səfərovla bağlı açıqlamaya cənab prezidentin göstərdiyi fakt, yəqin ki, Nikol Paşinyan üçün gözlədiyi kimi olmadı. Paşinyan belə beynəlxalq səviyyəli görüşdə ictimaiyyət qarşısında özünü gülüş vəziyyətə salmaqla Avropa İttifaqının gözündən düşmüş oldu. Hətta Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını belə saxtalaşdırmaqdan çəkinməyən Ermənistanın baş naziri bir daha öz yalançı siyasətini ifşa etdi”.