"Paşinyanın yalanları bəlkə də Ermənistanda keçər, amma beynəlxalq səviyyədə durum fərqlidir" - Politoloq

“Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə özünü rəzil duruma saldı”.

Bu sözləri “Sherg.az”a siyasi şərhçi, “Milli.az” saytının baş redaktoru Anar İmanov deyib. 

Politoloq bildirib ki, Paşinyanın isterik, yarı ingiliscə, yarı ermənicə çıxışı tədbir iştirakçıları tərəfindən böyük təəccüblə qarşılandı: 

“Baş nazir növbəti dəfə özünü gülünc vəziyyətə qoydu. Və bu birinci dəfə deyil. Daha öncə də Paşinyan Aşqabatda MDB Zirvə görüşündə və Münxen Təhlükəsizlik Konfransında da özünü gülünc vəziyyətə qoymuşdu. Onun isterik nitqi yenə də yalan üstündə quruldu. Məsələn, Paşinyan Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı işinə toxunaraq qərarın mahiyyətini saxtalaşdırdı və iştirakçıları aldatmağa çalışdı. O, Avropa İnsan Hüquqları Məhkəməsinin son qərarını tamamilə saxtalaşdırılmış formada təqdim etdi. Bu qərarda guya Azərbaycanın öz ərazisində ermənilərə qarşı irqçi siyasət həyata keçirdiyinin əks olunduğunu iddia etdi. Həqiqət isə ondan ibarətdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Azərbaycana qarşı hər hansı ittiham irəli sürülməyib. Bu yalan bəlkə də Ermənistanda keçər, amma beynəlxalq səviyyədə durum tam fərqlidir. Bu yalanlarla Paşinyan özünü bir daha küçə adamı, diletant siyasətçi kimi təqdim etdi. Bununla bağlı Prezident İlham Əliyevin çıxışı isə Paşinyanı tam rəzil duruma saldı: “Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim”.

A.İmanov bəyan edib ki, bir başqa maraqlı və gülməli məqam ondan ibarət idi ki, Paşinyan tədbirə qoruyucu maska ilə qatılmışdı: 

“Bəlkə də bu üsulla zavallı diletant üzündə oxunan üzüntünü gizlətmək istəyirdi, bilmək olmaz, amma durum çox komik idi. Maraqlıdır ki, bir müddət əvvəl Paşinyan elan etmişdi ki, koronavirusa yoluxub. Bu nağıla hətta Ermənistanda belə gülürdülər. Çünki siyasi rəqibləri diktator Paşinyanı elə sıxışdırıblar ki, o gündə bir yalan uydurur. Bir neçə gün sonra isə Nikol yenə küçələrdə peyda oldu. Gəzinti zamanı insanlarla ünsiyyətdə olub, maska payladı. Sual yaranır - əgər sən koronovirusa yoluxmusansa, niyə insanlar arasına çıxırsan? Deməli, bu da Paşinyanın ənənəvi ucuz şousu idi. Özünü həm ölkədə, həm ölkə xaricində ucuz tryukları ilə biabır edən bu sehrbazın sonu çox faciəvi olacaq. Və bunu Nikol nə qədər tez anlasa, bir o qədər də onun üçün yaxşı olar”.