Müzakirəyə çıxarılmalıdır: Türkiyə kimi biz də ATALAR GÜNÜ qeyd etməliyik - Sosioloq 


 Bu gün qonşu Türkiyədə Atalar Günü qeyd olunur. Övladlar atalarını təbrik edir, onları körpə əlləri ilə möhkəm-möhkəm qucaqlayırlar. Nəticədə heç yorulmadan çalışan, ailəsi, övladları naminə hər cür zəhmətə qatlaşan atalar bir neçə saniyəlik olsa belə, dünyanın ən xoşbəxt insanına çevrilirlər.
 
 Azərbaycanda isə əfsuslar olsun ki, sözügedən ənənə yoxdur. Biz atalarımızı bu sevincdən məhrum edirik.  Axı onlar da sevildiklərini hiss etmək istəyirlər. 

 Məsələ ilə bağlı “Sherg.az”a danışan sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, biz türklərdən nümunə götürməliyik:


“Qardaşlarımız çox düz edirlər. Biz də bu təcrübədən yararlanmalıyıq. Başa düşmək lazımdır ki, tarix boyu anaların da, ataların da cəmiyyətdə xüsusi yeri, nüfuzu olub. Ona görə də birini unudub, digərini yada salmaq düzgün deyil”. 

 Sosioloq, həmçinin ayrı-ayrı tarixlərdə analar və atalar gününün keçirilməsini zəruri hesab etdiyini dedi:

“Düzdür, 8 mart-Beynəlxalq Qadınlar gününü keçiririk. Amma ayrıca bir analar günü də olmalıdır. Biz müxtəlif tarixlərdə həm analar, həm də atalar gününü qeyd etməliyik. Çünki ailədə hər iki valideynin rolu eynidir. Mən bu məsələnin müzakirəyə çıxarılmasını vacib hesab edirəm”.