Milli Qəhrəman Mübariz İbrahimovun şərəfli döyüş yolundan bəhs edən videoçarx hazırlanıb


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş videoçarx hazırlayıb.

İdarədən  bildirilib ki, videomaterialda Mübariz İbrahimovun ömür və keçdiyi şərəfli döyüş yolu haqqında məlumat verilir.

Qeyd edək ki, Mübariz Ağakərim oğlu İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunda anadan olub. O, Əliabad kənd orta məktəbində təhsil alıb. 2005-ci ildə orta təhsili başa vurub və hərbi xidmətə başlayıb. Hərbi xidməti “N” saylı xüsusi təyinatlı bölüyündə keçirib və 2007-ci ildə başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən hərbi xidmətdə çalışmağa başlayır. 2010-cu il iyunun 18-də gecə saatlarında təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənilərin çoxlu sayda əsgər və zabitlərini məhv edir.

Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Azərbaycan xalqı Mübariz kimi oğulları ilə fəxr edir.