Mühüm ÇAĞIRIŞ ! - “İnsanlar bir-birinə nəzarət etməlidirlər”- İctimai qınaq !

"Millət olaraq mental xüsusiyyətlərimiz var, deyirik ki, “nə olacaq?”

“Ona görə bunlar başımıza gəlir. Çox zamanımız yoxdur,  mütləq qaydalara riayət  etməliyik”



Ömrümüzün bahar çağını evə həbs edən koronavirus infeksiyası torlarını planetimizin ətrafında hörməyə davam edir.  Bu dəhşətli pandemiyaya qarşı ən sərt şəkildə mübarizə aparılır. Qocaman yer kürəsinin sakinləri olaraq bu çətin günlərin  tezliklə sona çatmasını   gözləyirik. Əlbəttə, izolyasiya qaydalarına əməl edib,  özümüzü qoruyaraq bunun öhdəsindən gələ bilərik.


Mətanətimizi itirmədən, səbr və təmkinlə yaşam savaşımızı sürdürməliyik. 

Görəsən sənət dünyasında son vəziyyət necədir, onlar necə mübarizə aparır? 

 Suallarımıza cavab tapmaq məqsədilə sevilən ifaçı, əməkdar artist Gülüstan Əliyeva ilə əlaqə saxladıq. Bizimlə həmsöhbət olan sənətçi “Sherg.az”a evdə qalaraq qaydalara əməl etdiyini söylədi: 

“Ailəlikcə çalışırıq ki,  çox yerlərə getməyək, ictimai  məkanlarda  olmayaq.  İşimlə əlaqədar efirlərdə, verlişlərdə iştirak edirəm. Buna baxmayaraq,  ailə üzvlərimlə birlikdə  vaxtımızı evdə keçiririk. Ya icazə ilə bağa gəlirik,  ya  da evdə qalırıq. Kənar adamlarla ünsiyyəti tamamilə kəsmişik. “ 

Gülüstan xanım qanunlara əməl etməyərək, virusun olmadığını iddia edənlərə də münasibət bildirib:

“İctimai qınaq  gücləndirilməlidir, insanlar bir-birinə  nəzarət etməlidirlər. Düşünürəm ki, insanların kifayət qədər maariflənməməsindən irəli gəlir.  Millət olaraq mental xüsusiyyətlərimiz var, deyirik ki,”nə olacaq?”. Ona görə bunlar başımıza gəlir. Çox zamanımız yoxdur,  təcili olaraq  qaydalara riayət  etməliyik.   Yoxsa, infeksiyanın  yayılma arealı sürətlə genişlənəcək. Ölkə olaraq başqa dövlətlərə nisbətən   qorunma, sağlamlıq cəhətdən yaxşı vəziyyətdəyik.  Çünki  təbii qidalanmışıq, mühitimiz, coğrafiyamız elədir ki,  daha  yumşaq keçirdirik. Hamımız qaydalara əməl etməliyik ki, tezliklə öhdəsindən gələk, itkilərimiz daha az olsun.”

Əməkdar artirst  onu da diqqətə çatdırıb ki, evdə qaldığı müddət onun üçün sıxıcı olmur:  

 “Çox adam evdə qalmaqdan şikayət edir. Heç bezdirici olmadı, əsəb stress keçirmədim. Təbii ki, işimiz, dostlarımız, konsertlərimiz üçün darıxırıq.  Yaradıcı adamıq, heç evdə oturmamışıq, həmişə hərəkətdə olmuşuq. Evdə qaldığımız dövrü səmərəli keçirmək imkanlarımız kifayət qədərdir. Kitab oxumaq, qəzəl əzbərləmək, yenidən evə, “qarderob”a  əl gəzdirmək, mətbəxdə yemək bişirmək olar.  İstəsəz görüləsi iş çoxdur. Nəyə görə  evdə oturmuşuq deyə bir problemim olmadı.”