Politoloq SƏRT DANIŞDI: “Həmsədrlər əl-qolumuzu bağlaya bilməz”

“Bizim siyasi və hərbi gücümüz kifayət qədərdir. Lakin hər zaman geosiyasi incəlikləri nəzərə almalıyıq”

“Bu, Azərbaycan dövlətinin qəti mövqeyidir” 




Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Dağlıq Qarabağ separatçılarının mayın 21-də keçirdikləri qondarma “and içmə” mərasimi zamanı Azərbaycan Ordusunun erməni işğalı altında olan Şuşa şəhərini bombalamamasının səbəbini ilk dəfə açıqlayıb. Nazir “Real” tv-yə müsahibəsində “Şuşanı niyə vurmadıq?” sualına belə cavab verib.

Z.Həsənov qeyd edib ki, Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusu planlı şəkildə genişmiqyaslı təlimlər keçirib: “Təlimlərin planına uyğun olaraq, qısa müddətdə bütün istiqamətlərdə minlərlə əsgər, yüzlərlə tank, top cəmləşdi. Ermənilər təşvişə düşdülər və beynəlxalq qurumlara müraciət etməyə başladılar. Bunun özü də ermənilərin işğal siyasətinin beynəlxalq qurumlarda gündəmdə saxlanmasıdır. Onların generalları, siyasətçiləri şikayət etməyə başladılar ki, bizə hədə-qorxu gəlirlər, bu, bizə təzyiqdir və s”.

Nazirin sözlərinə görə, hətta ABŞ-da hərbi mütəxəssislər də məsələyə münasibət bildiriblər: “Onlar bildiriblər ki, Azərbaycan Ordusunun təlimləri yeni üsullar, yeni taktika ilə keçirilir və ABŞ ordusunun təlimlərinə bənzərdir. Hətta bundan erməni lobbisi təşvişə düşüb. Ermənipərəst senatorun vasitəsi ilə həm ABŞ-ın müdafiə nazirinə, həm də dövlət katibinə müraciət ediblər ki, Azərbaycanı dayandırın. Baxın, dost görür, düşmən görür, bunlar görmürlər. Bunların məqsədi ayrıdır”. 

Nazirin açıqlamasını “Sherg.az”a dəyərləndirən siyasi elmlər doktoru, professor Fikrət Sadıqov bildirib ki, Azərbaycanın hərbi potensialı çox yüksəkdir və siyasi iradəmiz var. Politoloqun sözlərinə görə, ordumuz hər an torpaqları azad etməyə hazırdır: 

“Əlbəttə, Ermənistan tərəfi Azərbaycanın hərbi gücündən ciddi narahatlıq keçirir. Ona görə də təlimlər zamanı əl-ayağa düşür, kimlərəsə yalvarmağa başlayır. Qorxu içində olan düşmən başa düşür ki, torpaqlar onlara məxsus deyil və gec-tez azad ediləcək. Müdafiə naziri Zakir Həsənov bariz faktlarla, arqumentlərlə bunu dəfələrlə təsdiqləyib.

Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinə xarici dövlətlərin öz yanaşması var. Xüsusən, həmsədr ölkələrin fərqli mövqeləri var. Şübhəsiz, onların yanaşması bizim əl-qolumuzu bağlaya bilməz. Amma həmin dövlətlərin ikili mövqeyi Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərmir. Nazir bu məsələləri ətraflı izah edib.

Onun dedikləri real vəziyyəti əks etdirir. Hər kəs həqiqətin, münaqişə ətrafında cərəyan edən proseslərin fərqində olmalıdır. Bizim siyasi və hərbi gücümüz kifayət qədərdir. Lakin hər zaman geosiyasi incəlikləri nəzərə almalıyıq. Bu, Azərbaycan dövlətinin qəti mövqeyidir”.