RƏZALƏT ! - “Əhali su hayında, icra başçıları əkin suvarır! – BÖHRAN !

“Bu çox strateji təhlükədir və həll olunması üçün əvvəlcədən tədbirlər görülməlidir”

“Bəzi rayonlarda həm içməli su təchizatında, həm də suvarma suyunda çatışmazlıq yaranıb”

“Əsas səbəb də rayonlardakı rəhbər şəxslərin bütün suyu öz əkin sahələrinə yönəltmələridir”



Regionlarda su problem bitmək bilmir. Bu problem xüsusilə yay aylarında daha çox çətinliklərə səbəb olur. Regionların su ilə təminatı müvafiq qurumların üzərinə düşən vəzifə olsa da, bu işdə müəyyən çatışmazlıqlar mövcuddur. Və illərdir, problem həllsiz qalır. 

Problemlə əlaqədar “Sherg.az”a danışan Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı bildirib ki, su problemi qlobal problemdir və artıq bütün dünyada kəskinləşir. 
Onun sözlərinə görə, ekoloji problemlər, sudan qeyri-səmərəli istifadə və sair faktorlar bu problemin getdikcə daha çox kəskinləşməsinə səbəb olur:




“Su ehtiyatının az olduğu ölkələrdən biri də Azərbaycandır. Bizim su mənbələrinin 70 faizindən çox ökədən kənarda formalaşır. Hər hansı bir qlobal su problem yarandıqda biz bu mənbələrdən istifadə edə bilməyəcəyik, çünki qonşu ölkələr həmin mənbələrin hamısından istifadə edəcəklər. Məlum olur ki, bu çox strateji təhlükədir və həll olunması üçün əvvəlcədən tədbirlər görülməlidir. Yay mövsümünün başlaması və iqlimin quraq keçməsi bütün ölkədə içməli su problemini kəskinləşdirib. Bəzi rayonlarda həm içməli su təchizatında, həm də suvarma suyunda çatışmazlıq yaranıb. Burada müxtəlif səbəblər var. Onlardan biri ekoloji böhranın güclənməsidirsə, digər əsas səbəb də rayonlardakı rəhbər şəxslərin bütün suyu öz əkin sahələrinə yönəltmələri nəticəsində əhali sudan korluq çəkir. Çaylarda suyun azalması isə ciddi siqnaldır”.

E.Bayramlı problemdən çıxış yolunu da qeyd edib:

“Çıxış yolunu mümkün qədər çox su anbarlarının yaradılması, artezianların sayının xeyli artırılması və yeraltı su hövzələrindən istifadə edilməsi, yaşayış məntəqələrinə alternativ su kəmərlərinin çəkilməsində görürəm. Bundan əlavə, dənizkənarı rayonlarda su şirinləşdirici zavodlar tikilməli və dəniz suyu duzsuzlaşdırılaraq bəzi sahələrdə istifadə olunmalıdır ki, əhalinin içməli su mənbələrinə təzyiq alsın. Bundan başqa, su israfının qarşısı alınmalı və vətəndaşlar da suyu qənaətlə işlətməlidir. Bu tədbirlərə mümkün qədər tez başlamalıyıq, onsuz da gecikmişik”.