Bu toy, bu toy, bu toyda... ! - FOTOLAR

 “Xoş ənənənin əsas qoyuldu!”


Nə tüğyan edən koronavirus pandemiyası, nə də bizi, az qala, canımızdan bezdirən karantin rejimi ürəklərin qovuşmasına mane ola bilir. Belə ki, dünən ASAN xidmətin təşəbbüsü ilə növbəti nikah imzalanıb. “Xalq qəzeti”nin əməkdaşı Əfsanə Ələsgərli ilə Anar Orucov ailəlilər sırasına qoşulublar.

Özü də təm-taraqsız, bəzək-düzəksiz. Saədəcə ən yaxın adamların şahidliyi ilə. Onlar öz sevgiləri ilə minlərlə can alan virusa meydan oxumaqla bərabər, həm də nümunə olub, xoş bir ənənənin əsasını qoyublar. Göstəriblər ki, xoşbəxtlik üçün 200 nəfəri bir restorana yığmaq şərt deyil. 

“Sherg.az” saytı olaraq bu gözəl təşəbbüslə bağlı həmkarımızı təbrik edir və bir sıra ictimai xadimlərin fikirlərini təqdim edirik: 


“Ayaqlarımızı zamana görə uzatmalıyıq”

Rəşad Məcid, “525-ci qəzet”in baş redaktoru, AYB-in katibi:
“Toy mərasimlərindəki israfçılıqla bağlı indiyə qədər çox danışılmışdı. Yığılan vəsait ancaq toy xərclərinə gedirdi. Mən artıq bir neçə dəfədir ki, belə sadə nikahların şahidi olur və həmin gəncləri alqışlayıram. Tanıdığım, özümə əziz bildiklərimə də xoş günlərini bu cür səssiz-səmirsiz keçirmələrini məsləhət bilirəm. Düzdür, ola bilsin, ilk vaxtlar mənəvi cəhətdən çətin olsun. Ancaq ayaqlarımızı zamana görə uzatmalıyıq. Zaman isə bunu tələb edir. Çoxdan formalaşmış, bəzən də süni şəkildə yaradılmış ənənələrdən uzaqlaşmaq vaxtıdır. İnanıram və ümid edirəm ki, koronavirus pandemiyası və IV sənayə inqilabı mentalitetimizdəki mənfi məqamları aradan qaldıracaq. Bir daha həmin gəncləri təbrik və təqdir edirəm”.



“Komsomol vaxtı belə edirdilər”

Aqil Abbas, yazıçı, “Ədalət” qəzetinin təsisçisi: “Heç kimə demək olmaz ki, toyunu bu formada keçir. Bu, hər insanın ən əziz, xoşbəxt günlərindəmn biridir. İnsanlar əylənmək, əzizləri ilə birlikdə olmaq istəyirlər. Əlbəttə, hər kəs karantin rejiminin tələblərinə əməl etməlidir. Fəqət toya qadağa qoymaq olmaz. Komsomol vaxtı belə edirdilər. Axı indi o dövr deyil. Arada sevinmək də lazımdır. Ancaq işğal günlərini xatırlamalı deyilik ki...Ona görə də, məncə, pandemiyadan sonra da toy mərasimləri əvvəlki qaydada davam edəcək”. 



“Gənclər məhdudiyyətləri öz xeyirlərinə istifadə etdilər”

 Lalə Mehralı, sosioloq: “Əfsanəni yaxşı tanıyıram. Ona tez-tez deyirdim ki, siz yenilik edə bilərsiniz, elə də oldu. Gənclər məhdudiyyətləri öz xeyirlərinə istifadə etdilər. Düzdür, böyüklər bu cür toy mərasimlərini əyər-əskiklik qəbul edə bilərlər. Ancaq ən sadə məntiqlə yanaşanda görürük ki, toyda az adam olanda, xərc də azalır. Həm də insanlar toya daha borc kimi yanaşmırlar. İndi elə vəziyyət yaranıb ki, ailədə hər iki tərəf işləsə belə, qazandıqları pul ancaq ev məsrəflərinə, gündəlik xərclərə gedir. Onlara ayda ən azı iki dəvətnamə gəlsə, əlbəttə, sosial vəziyyətləri ağır olacaq. Odur ki, bu xoş ənənənin gələcəkdə də davam etdirilməsini məqsədəuyğun hesab edirəm. Biz yasların timsalında da gördük ki, bu cür mərasimlər keçirmək mümküm imiş. Bəlkə də, koronavirusun yeganə müsbət cəhəti israfçılıq dolu, göstəriş xətrinə keçirilən məclislərin unudulması olacaq”.