Ermənistan Qafqazın "qırmızı zona"sıdır

Paşinyan da bu fonda ciddi gərginliklərlə üz-üzə qaldığının fərqindədir 

Belə olan vəziyyətdə onun anti-demokratik addımları daha da şiddətlənib



Dünyanı cənginə alan koronavirus pandemiyası işğalçı Ermənistanda daha ciddi fəsadlar yaradıb. İrəvan hökuməti virusun yayılmasının qarşısını almaqda, yoluxmuş insanları sağaltmaqda aciz duruma düşüb. Baş nazir Nikol Paşinyan həqiqəti əks etdirməyən bəyanatlar verərək daxili publikanı sakitləşdirməyə çalışsa da, ölkə iqtisadiyyatının çökdüyü, Ermənistanın çıxılmaz  duruma düşdüyü açıq-aşkar hiss olunur. Düşmən ölkədəki acınacaqlı vəziyyət Paşinyana qarşı narazılığı artırır və müxalif cəbhəsinin ittihamlarını genişləndirir.

Getdikcə baş nazirə qarşı çıxanların sayı çoxalır. Paşinyan isə mövcud problemləri həll etmək əvəzinə, hökumətə qarşı çıxanları repressiya etməklə məşğuldur. Son olaylardan sonra həm müxalif siyasətçilər, həm də jurnalistlər sıxışdırılır, hətta həbs olunurlar. Lakin beynəlxalq təşkilatlar hələ Ermənistanda yaşananlara göz yumur və Paşinyanın diktatorsayağı əməllərinə reaksiya vermirlər. Halbuki, ermənilərin özləri Paşinyan iqtidarını ölkədə diktatura metodlarını tətbiq etməkdə ittiham edərək beynəlxalq qurumları yardıma çağırırlar. 

Düşmən ölkədəki vəziyyəti “Şərq”ə analiz edən millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib ki, ölkəsində “demokratiya”nın olduğundan dəm vuran baş nazir Nikol Paşinyan rəqiblərini güc yolu ilə susdurmağa çalışır. Deputat bildirib ki, Paşinyan pandemiya ilə əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edərək öz rəqiblərini zəiflətmək, sıradan çıxarmaq yolunu tutub:

“Paşinyan hakimiyyətinin əsas rəqibi, keçmiş prezident Robert Koçaryan uzun müddət həbsdə qaldı. Devirdiyi Serj Sarkisyan da həbs olunmaq təhlükəsi altındadır. Bunlar azmış kimi, Paşinyan indi də digər rəqibi olan milyarder Q.Sarukyanı hədəf seçib. Ermənistan parlamentində təmsil olunan ikinci böyük siyasi qüvvənin rəhbəri Sarukyan bir çoxları kimi Paşinyan və hökumətinin istefasını tələb edib. O, hökumətin islahatlar keçirməyə qadir olmadığını bildirib. Paşinyanı bu fonda narahat edən Sarukyanın sahib olduğu maliyyəni ona qarşı istifadə etməsi təhlükəsidir.

Bu səbəbdən o, Sarukyanı sıradan çıxarmaq üçün hərəkətə keçib. Məlumata görə, Paşinyan Sarukyanla telefon danışığı aparıb və təhdid edib ki, hökumət əleyhinə addım atacağı təqdirdə hər kəsi məhv edəcək. Sarukyandan başqa, Paşinyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanı da sıradan çıxarmağı düşünür. Bir sözlə, hazırda Ermənistanda bütün hökumət resursları müxalifəti susdurmağa, onu məhv etməyə yönəlib”. 

Parlament üzvü deyib ki, Ermənistan sözün həqiqi mənasında bu gün perspektivi olmayan bir dövlətdir:

“Erməni ekspertlər bildirir ki, yaxın perspektivdə  Ermənistanda çox ağır iqtisadi kataklizmlər gözlənilir. Pandemiya dövrü isə Ermənistanın onsuz da ağır olan iqtisadi-sosial durumunu daha dözülməz vəziyyətə gətirib. Bu nöqteyi-nəzərdən Ermənistan Qafqazın “qırmızı zonası” hesab olunur. Paşinyan da bu fonda ciddi gərginliklərlə üz-üzə qaldığının fərqindədir.

Belə olan vəziyyətdə onun anti-demokratik addımları daha da şiddətlənib. O, siyasi rəqiblərini sıradan çıxarmaq üçün əlindən gələn hər şeyi edir. Düşmən ölkədə dözümsüzlük mühiti formalaşır. Vaxtilə “demokrat” imicinə malik olan Paşinyanı indi erməni jurnalistlər qırğı formasında təqdim edirlər. Bütün bunlar onu göstərir ki, Ermənistanda insan hüquq və azadlıqları kəskin şəkildə tapdanır. İşğalçı ölkənin baş naziri opponentlərinə münasibətdə diktator kimi davranır, onları döyməklə hədələyir”. 

Deputat vurğulayıb ki, Paşinyanın qanunazidd addımlarına baxmayaraq, insan hüquqları ilə bağlı bir sıra Avropa qurumlarının heç bir iradını müşahidə etmirik:

“Ermənistanda ölkə rəhbəri rəqiblərini, ona etiraz edənləri həbs və təhdid edir. Amma beynəlxalq qurumlardan Ermənistana münasibətdə adekvat reaksiyanı görmürük. Onlar susurlar”.