“Vətəndaşlarımızdan maksimum məsuliyyətli olmaq xahiş edilir”

“Hər birimiz həmrəylik və birlik nümayiş etdirərək, bu vəziyyətdən uğurla çıxa bilərik. Əminəm ki, belə də olacaq”



“Nazirlər Kabineti yanında Operativ Qərargahın həyata keçirdiyi tədbirlərin yeganə məqsədi insanların sağlamlığını qorumaq, koronavirusun yayılmasının qarşısını maksimum dərəcədə almaqdır. Cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi, vətəndaşların sağlamlığ dövlət üçün prioritet məsələdir”. 

Bu fikirləri “Sherg.az”a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib. 

Millət vəkili bildirib ki, Azərbaycan dövləti pandemiya dövründə həm vətəndaşların sağlamlığının qorunması, həm iqtisadi itkilərin azaldılması, həm də əhalinin sosial müdafiəsinin təmin olunması ilə bağlı bir sıra tədbirlər həyata keçirib:

“Koronavirus pandemiyası elə bir xarakterə malikdir ki, onun qarşısını tam şəkildə qısa müddətdə almaq praktik olaraq mümkün deyil. Bu, hələ heç bir ölkəyə müyəssər olmayıb. Biz dünyanın indiyə qədər görmədiyi, mütəxəssislərin kifayət qədər məlumata malik olmadığı bir xəstəliklə üz-üzəyik. Ona görə də vətəndaşlarımızdan maksimum məsuliyyətli olmaq xahiş edilir”.

Millət vəkili qeyd edib ki, Azərbaycan koronavirusla mübarizədə bütün imkanlarını səfərbər edib:

“Müvafiq dövlət qurumları mümkün zəruri tədbirləri görür. Əsas məsələ karantin dövrünün tələblərinə riayət olunmasıdır. Hər birimiz vəziyyətin mürəkkəbliyini və məsuliyyətini anlayışla qarşılayaraq, həmrəylik və birlik nümayiş etdirərək, bu vəziyyətdən uğurla çıxa bilərik. Əminəm ki, belə də olacaq”.