DİQQƏT ! - “Uşaq meşədə itir, atraksiondan yıxılır, çimərlikdə boğulur”- Sonrakı peşimanlıq...!

Üç gündür ki, həm sosial şəbəkələrdə, həm də mətbuatda dənizdə iki uşağı xilas edib, özü boğulan bank işçisindən danışılır. 40 yaşlı Yusif Məmmədov “Xalq Bank”da filial müdiri işləyib. O, üç gün öncə, yəni iyunun 20-də ailəsi ilə birgə Bakının Xəzər rayonunda dənizin kənarında istirahət etməyə yollanıb. Valideynləri tərəfindən nəzarətsiz qalan uşaqların sahildən uzaqda batdığını görən Y.Məmmədov kömək üçün dənizə atılıb. Şahidlərin sözlərinə görə o, üzərək uşaqlara çatıb və onları xilas edib. Lakin özü ölümün pəncəsindən xilas ola bilməyib, boğulub.

Yusif Məmmədov iki il öncə də dənizdə batan bir gəncin həyatını xilas edib. Sosial şəbəkələrdə həyatı bahasına iki uşağı xilas edən Yusif Məmmədovu qəhrəman elan edənlər də var. Hətta bəziləri onun adının əbədiləşdirilməsi ilə bağlı təkliflər də irəli sürürlər.

Baş verən hadisədə valideyn diqqətsizliyi və məsuliyyətsizliyi göz qabağındadır. Belə bir zamanda azyaşlı uşaqların dənizdə olması təbii ki, düzgün deyil. Bu azmış kimi valideynin öz işində olması, yetərincə məsuliyyətsizliyi hər kəs tərəfindən qınaq obyektinə çevrilib.



Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a açıqlamasında bildirib ki, uşaqları nəinki pandemiyanın tüğyan etdiyi vaxtda, xüsusi karantin günlərində, istənilən vaxtda və şəraitdə uşaqları tək və nəzarətsiz qoymaq olmaz:

“Nəzərə almalıyıq ki, uşaqlar müstəqil qərar qəbul etmək gücündə deyil, onların ağlı, düşüncəsi və maraqları qarşılaşacağı həyatı təhlükəni anlayacaq əviyyədə olmadığından, uşaqlar həmişə valideyn nəzarətində olmalıdır. Zaman-zaman istər mediadan, istərsə də qohum-qonşudan evdə nəzarətsiz qalan uşağın yanğın təhlükəsi yaratdığını, üzərinə məişət əşyasının aşmasını, eyvandan yıxılmasını və s. kimi hadisələri eşidirik. Bütün bunlar bir daha onu göstərir ki, uşaqlar həmişə nəzarət altında olmalıdır. Təəssüflər olsun ki, bəzi valideynlər buna ciddi yanaşmırlar. Uşaqları nəzarətsiz qoyurlar. Əsas da istirahətə gedəndə, rayon yerlərində, meşədə və çimərliklərdə buna tez-tez rast gəlmək olur. Valideynin başı qarışıb telefona yaxud dost-tanışa, uşaqlar qalıb nəzarətsiz. Bunun nəticəsidir ki, meşədə uşaq itir, atraksiondan yıxılır, çimərlikdə boğulur. Ona görə öncə valideynlər özlərinin məsuliyyətini dərk etməli, hadisə baş verəndən sonra peşmanlığın faydası olmayacağını öncədən bilməlidir”.