Xalq şairi insanları nikbinliyə çağırdı: “Üsyana ehtiyac yoxdur !”

Koronavirus hələ uzaq Çində yayıldığı ilk vaxtdan, daha dəqiq desək, bu arzuolunmaz və gözəgörünməz düşmənin adını eşitdiyimiz andan etibarən əlimizə “silah”ımızı alıb “ön cəbhə”yə yollandıq. O zaman düşmənin bu qədər qorxulu, hiyləgər olduğunu düşünmürdük. Amma vaxt keçdikcə vəziyyət dəyişdi. Təhlükə addım-addım bizə sarı gəldi. Ciddiyə almadıq, zarafata saldıq, “Çin hara, biz hara?!” dedik, amma Çin səddinin çoxdan söküldüyünü unutmuşduq...


 Nəhayət, koronavirus məmləkətimizə də gəlib çatdı. İndi gün ərzində yüzlərlə insan bu xəstəliyə yoluxur. Amma yenə də inanmayanlar var. İnsan sadəcə heyrətlənir, nə deyəcəyini bilmir. Məgər bu qədər ölüm, bəlkə, dənizlərə də sığa bilməyəcək göz yaşı fakta inanmaq üçün kifayət deyilmi? 

Sherg.az” saytı olaraq Azərbaycanın xalq şairi, yazıçı Fikrət Qocanın məsələyə dair fikirlərini öyrəndik. O, insanları məsuliyyətli olmağa çağırdı:

“Bu dünya çox şey görüb, çox fəlakətlə, faciə ilə üzləşib. Amma hələ də yaşayır. Hər kəs özünü insan kimi tərbiyə etsə, dünya dağılmaz. Atalarımız deyib ki, ellə gələn bəla toy-bayramdır. Ona görə də düşmənimiz qarşısında birlik, həmrəylik göstərməliyik. Hər kəsin içində qəhrəman var. Biz hər birimiz o qəhrəmanı üzə çıxarmalıyıq. Başqasından qəhrəmanlıq gözləmək lazım deyil. Zaman öz işini görür-yetişdirir, yaşadır, dağıdır...Heç kəs əbədi deyil. Ancaq gərək məsuliyyətimizi, ləyaqətimizi qoruyaraq dünyadan köçək. Adi bir diqqətsizliyə, maska taxmadığımıza görə yox”. 
 
F. Qoca insanları nikbin olmağa çağırdı:

 “Üsyana qalxmağa ehtiyac yoxdur. Kimə etiraz edəcəksən ki? Yaradana? Əksinə, Allaha şükür etmək lazımdır. Əlimiz, qolumuz, şüurumuz yerindədirs, deməli, buna borcluyuq. Ən azından ona görə ki, mövcud vəziyyəti dərk edib, maskanı öz əlimizlə öz ağzımıza taxmağa imkanımız var. Əlbəttə, maska bəzək üçün deyil. Özünü və ətrafdakıları qorumaqdan ötrüdür. Bəziləri maska taxmamaqla kiməsə etiraz edəcəklərini düşünürlər. Yanlış məntiqdir. İndi kimləsə inadlaşmaq yox, özünü tərbiyə etmək vaxtıdır”. 

Xalq şairi insanların davranışından da gileyləndi:

“Bizim tərbiyə metodumuz səhvdir. Ağlayan uşağa bunu qadağan edir, sakitləşməsini əmr edirik. Niyə? Qoy, ağlasın, bunun necə hiss olduğunu anlasın da. Nəticədə milli mentalitetimiz zərbə altına düşür. Vətəndaş nə üçün öz polisini söyməli, onu təhqir etməlidir? Məgər həmin polis insan deyil?! Onun şərəfi, ləyaqəti, qohum-əqrəbası yoxdur?! Var. Əgər bir qadın polisi söyürsə, övladı həmin hüquq-mühafizə orqanının əməkdaşı haqqında nə düşünəcək?! Belə şeylər olmaz. Qəti olmaz. Bayaq da dediyim kimi, biz öz davranışlarımızla, hərəkətimizlə dünyamızın qayğısına qalmalıyıq”.