Erməni məkri “yeriməyəcək” ! - “Türkiyəyə qarşı iddia nəticəsiz qalacaq” – ŞƏRH 

“1915-ci il hadisələrini uydurma “soyqırım” kimi təqdim etmək niyyətindən heç vaxt vaz keçməyiblər”

“Ermənistan etdiklərinin cavabını alacaq və düşmənin arxalandığı dairələr öz aqibətlərinin dərdinə düşəcək”



Dünya ictimaiyyətinə yalançı “soyqırımı” qəbul etdirə bilməyən erməni lobbisi strategiyanı dəyişdirib. Ermənilər saxta “soyqırım” iddialarını Beynəlxalq Ədalət Məhkəməsində (Haaqa) qaldırmaq üçün illərdir qəbul olunmayan “soyqırımı” sözünü “insanlığa qarşı cinayət” ifadəsi ilə əvəzləmək niyyətindədir. Məsələ ondadır ki, Beynəlxalq Ədalət Məhkəməsi əsasən 1948-ci ildən sonrakı soyqırım iddialarına baxır.

Digər tərəfdən iddiaların meyarları çox sərt olduğu üçün soyqırım kimi qəbul edilməsi çətin məsələdir. Buna görə də ermənilər strategiya dəyişdirməyə məcbur olub. Türkiyə Prezidenti yanında Ali Müşavirə Şurasının iclasında bu məsələ də gündəmə gətirilib. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi keçirilən iclasda bu dəyişikliklərin nəzarətdə saxlanmasının vacib olduğu vurğulanıb. Ərdoğan məsələ ilə bağlı təklifləri dinləyib və “soyqırım” iddialarına qarşı yeni bir qurumun yaradılmasına müsbət yanaşdığını deyib. 



Məsələni “Sherg.az”a dəyərləndirən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, ermənilər 1915-ci il hadisələrini uydurma “soyqırım” kimi təqdim etmək niyyətindən heç vaxt vaz keçməyiblər. 
Partiya rəsmisinin sözlərinə görə, düşmənin əvvəlki taktikasını dəyişməsi onların məkirli siyasətdən əl çəkmədiyini göstərir: 

““Soyqırım” layihəsinin həyata keçməməsinin əsas amili bu iddianın uydurma olmasıdır. Ermənilər bu məsələdə az da olsa haqlı olmuş olsaydılar, beynəlxalq hüquqi institutlar çoxdan düşmənə sərf edən qərarı vermişdilər. Ötən illər ərzində ermənilər “havayı yem” axtarmaq əvəzinə quruculuq və demokratikləşmə istiqamətində çalışsaydılar, belə absurd və nəticəsiz iddianın arxasınca düşməzdilər. Dünya ölkələri sürətlə dəyişdiyi və inkişafa doğru getdiyi zamanda mağara təfəkkürü ilə yaşayan ermənilər bir daha sübut etdilər ki, onlar yetkin xalq deyil. Parazit kimi başqalarının hesabına mövcud olmaq niyyətindədirlər. Dövlətlərin dünyanı bürümüş pandemiya təhlükəsi ilə mübarizə apardığı bir zamanda ictimaiyyətin başını mənasız iddialarla qarışdırmaq gülüncdür. Hesab edirəm ki, ermənilərin Haaqa məhkəməsində Türkiyəyə qarşı “insanlığa qarşı cinayət” iddiası ilə vəsatət qaldırması nəticəsiz olacaq”. 

V.Əfəndiyev vurğulayıb ki, bu gün dünya pandemiya problemi ilə üz-üzədir: 

“Belə vəziyyətdə öz böyük qonşusuna qarşı çirkin siyasət aparmaq axmaqlıqdan başqa bir şey deyil. Pandemiya sonrası dövr tamam başqa olacaq. Dünya yeni nizama qədəm qoyur. Hesab edirəm ki, bundan sonra məkirli siyasətlə məşğul olan bir neçə dövlət ciddi cəzalandırılacaq. Ermənistan etdiklərinin cavabını alacaq və düşmənin arxalandığı dairələr öz aqibətlərinin dərdinə düşəcək. Dünyada sürətlə demokratikləşmə prosesi başlayacaq. ABŞ, Rusiya və Çində ciddi siyasi dəyişikliklər gözlənilir. Bir sözlə, Ermənistan reallıq hissini tamam itirib ki, bu cür mənasız işlərlə məşğuldur”.