“Paşinyan yenə özünü biabır etdi”

“Ermənistan baş nazirinin çıxışı və davranışları bir daha göstərdi ki, o siyasətdə naşı bir adamdır”

“Hər kəs aydın şəkildə görürdü ki, Paşinyanın populist çıxışı Ermənistandakı vəziyyət nəzərə alınaraq daxili auditoriyaya hesablanıb”


“Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir. Ölkəmiz Şərq tərəfdaşlığı üçün həyati əhəmiyyət daşıyan mühüm strateji mərkəzdir”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Ağalar Vəliyev deyib.

Onun sözlərinə görə, Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammiti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dərin məzmunlu çıxışı ilə yadda qaldı:

“Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Yaxın zamanda ölkəmiz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz edəcək. Bir sözlə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin gözəl perspektivləri var.

2009-cu ildə əsası qoyulan “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində iqtiadiyyatın ən müxtəlif sahələrində əməkdaşlıq yaradılıb və uğurlu nəticələrə imza atılıb. Ötən 11 il ərzində təşkilat dövlətimizin iqtisadiyyatına böyük həcmdə sərmayələr yatırıb və ölkəmizin əsas ticarət tərəfdaşı olub”.

Deputat vurğulayıb ki, dünya birliyi, Azərbaycan və Ermənistan ictimaiyyəti Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində Nikol Paşinyanın növbəti dəfə özünü biabır etməsinin şahidi olub:

“Ermənistan baş nazirinin çıxışı və davranışları bir daha göstərdi ki, o siyasətdə naşı bir adamdır. Hər kəs aydın şəkildə görürdü ki, Paşinyanın populist çıxışı Ermənistandakı vəziyyət nəzərə alınaraq daxili auditoriyaya hesablanıb. Lakin siyasi və diplomatik bacarığı olmadığı üçün kobud səhvlərə yol verirdi. Əvvəla onun tədbirdəki çıxışı Paşinyanın dil biliyinin bərbad olduğunu göstərirdi.

O, qabaqcadan hazırlanan çıxışını ingilis dilində oxusa da, növbəti fikirlərini erməni dilində ifadə eləməyə çalışdı. Ermənistan baş naziri Sammitdə çıxışı zamanı ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olunan “Naqornıy Karabagh” sözünü işlədir, halbuki ermənicə çıxışında “Artsax” sözünü dilə gətirir”.

Parlamentari qeyd edib ki, Şərq Tərəfdaşlığı ölkələrinin Sammiti Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarını və ədalətli mövqeyini bütün mötəbər tədbirlərdə yüksək səviyyədə müdafiə etdiyini bir daha nümayiş etdirdi.