“Türkiyə istədiyinə nail olacaq”

“Rusiya, Misir, BƏƏ, Səudiyyə Ərəbistanı və başqa ölkələrin silahlılarının yer aldığı döyüşdən qalıb çıxacaq”


Fransa prezidenti Emmanuel Makron Tunis prezidenti Qeys Səid ilə ortaq keçirilən mətbuat konfransında Türkiyənin Liviyadaki rolundan narahat olduğunu bildirib. Makron Türkiyəni “təhlükəli oyun” oynamaqla günahlandırıb. Fransa lideri Türkiyənin Liviyada oynadığı oyunun Berlin konfransında verilən vədlərə zidd olduğunu düşündüyünü və bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana da dediyini ifadə edib.

Türkiyənin Liviyada irəlləməsinə icazə verməyəcəyini deyən Makron Türkiyəyə reaksiyalarının sərt olacağını bildirib: “Türkiyə Liviyada təhlükəli oyun oynayır, reaksiyamız sərt olacaq”. Fransa rəhbəri Ankaranı Kıbrısın rum hökumətinə “hörmət” qoymamaqda da suçlayıb. 
Məlum olduğu kimi Fransa və Türkiyənin Liviyada mövqeləri bir-birinə ziddir. Türkiyə BMT-nin tanıdığı Trablusdakı beynəlxalq sülh hökümətini dəstəkləyir. Fransa isə ölkənin şərqindəki üsyançı general Haftara dəstək verir. 



Makronun itihamları ilə bağlı “Sherg.az”a açıqlama verən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, Türkiyə ordusu Liviyaya BMT tərəfindən tanınmış Milli Hökumətin başçısı Sərrac tərəfindən dəvət edilib.  Siyasi şərhçinin sözlərinə görə, bu dəvət Türkiyənin Liviyadakı varlığına hüquqi baza qazandırır, orada atdığı addımları qanuni edir: 

“Osmanlıdan 100 il sonra Türkiyənin yenidən Liviyaya qayıtması elə də asan olmadı. Türkiyə daxili düşmənlərindən təmizləndikdən sonra ilk dəfə olaraq məhkum edildiyi sərhədlərindən kənara çıxdı. Bu çıxış bütün türk və islam dünyasının mütərəqqi qüvvələrinin çoxdan gözlədiyi addım idi. Türkiyənin buxovlarından azad olması, Suriya, Liviya, İraq və Afrikanın şimalında müstəmləkəçi Qərbin ayaqları altında əzilən müsəlman xalqların xilası deməkdir. Qərb ölkələri illərdir Türkiyəni özlərindən asılı vəziyyətdə saxlayırdılar. Çünki bilirdilər ki, günlərin birində türk dövləti yuxudan ayılacaq və onun qarşısında heç kim dura bilməyəcək. Hazırda Avropanı narahat edən əsas məsələ budur. Fransa hələ o vaxtlar Liviyadakı Qəddafi hökumətini devirmək üçün Sarkozinin göstərişi ilə əməliyyatlara başlamışdı. Paris indi də özünü bu məsələdə əhəmiyyətli ölkə kimi göstərmək istəyir. Həm də Fransa on illərdir Liviyanın neft-qaz sərvətlərindən istifadə edirdi. Liviyanın valyuta ehtiyatlarının əhəmiyyətli hissəsi Fransa banklarında saxlanılırdı. Makron bu qazanclarından məhrum olacağını başa düşdüyü üçün narahatlıq keçirir”. 

A.Qasımov vurğulayıb ki, Makronun Türkiyəni Kıbrıs rum hökumətinə “hörmət” qoymamaqda ittihamı sözbazlıqdan başqa bir şey deyil: 

“Kıbrıs məsələsinin həllində Türkiyə dəfələrlə konstruktiv addımlar atıb. Ancaq adanın rum bölgəsi bundan imtina edib. Odur ki, Türkiyəni onların hüquqlarını pozmaqda günahlandırmaq ən azı haqsızlıqdır. Son günlər Liviyada, Siirt bölgəsi ətrafında baş verən və yaxın günlərdə müharibəyə çevrilmə ehtimalı olan hadisələr Liviya məsələsinin həlli istiqamətində vacib rol oynayacaq. Hesab edirəm ki, Türkiyə istədiyinə nail olacaq və Rusiya, Misir, BƏƏ, Səudiyyə Ərəbistanı və başqa ölkələrin silahlılarının yer aldığı döyüşdən qalıb çıxacaq”.