“Koronavirus testi üçün pulun tələb edilməsi yolverilməzdir”

“Məcburi testlərin keçirilməsi tamamilə pulsuz olmalıdır”

“Pul tələb olunursa, vətəndaş məhkəməyə müraciət edərək hüquqlarını qoruya bilər”



Azərbaycanda koronavirusla bağlı laborator müayinəni yalnız müəyyənləşdirilmiş xüsusi dövlət tibb müəssisələri apara bilər. Koronavirusdan şübhələnən şəxslər yalnız 103 (Bakı daxili) və ya 113 (Bakıdan kənar) təcili yardım nömrələrinə zəng etməklə yoxlanış edə bilərlər.

Koronavirus testlərinin kifayət qədər vəsait tələb edən bir xidmət olduğu deyilir. Təəssüf ki, bəzi klinkalarda bu testlər ödənişli aparılır. Nəzərə alsaq ki, karantin rejiminin ciddiləşməsi, bəzi iş yerlərinin bağlanması əhalinin gəlirinə mənfi təsir göstərib.

Bəs, koronavirusa görə ödənişli testlərin tətbiq edilməsi nə dərəcə doğrudur?



Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca həkim Sərdar Cəlaloğlu “Sherg.az”a açıqlamasında bildirib ki, vətəndaş öz istəyi ilə testdən keçmək istəyirsə, müəyyən ödəniş etməlidir. Lakin məcburi olaraq testlərin keçirilməsi tamamilə pulsuz olmalıdır:

“Könüllü şəkildə testdən keçən adamlar, yaxud daha yüksək səviyyəli və inandığı testi əldə etmək istəyənlər pul ödəyə bilər. Yəni burada birmənalı standart tətbiq qetmək olmaz. O yerdə ki, vətəndaşlar zorla, məcburi testdən keçirilir, bu zaman pul söhbəti ola bilməz. Onlardan qətiyyən pul tələb olunmamalıdır. Pul tələb olunsa belə, vətəndaş testdən keçməkdən imtina edib yoxlanmadığını söyləməlidir. Onu xəstəxanaya kim aparıbsa pulunu da ödəməlidirlər. Dövlətin marağı varsa ki, vətəndaş virus daşıyıcısıdır ya yox, burada pul tələb edilməsi yolverilməzdir. Pul tələb olunursa, vətəndaş məhkəməyə müraciət edərək hüquqlarını qoruya bilər”.