Həkimdən SƏRT TƏNQİD: “Niyə avtobus sərnişinlə dolu olmalıdır?!”

“Yaxşı, vətəndaş məsuliyyətsizdir, bəs sürücülər, BNA hara baxır?!”

“İctimai nəqliyyata insanlar sayla buraxılmalıdırlar. Bu işə nəzarət gücləndirilməlidir”



“Yoluxanların sayı artır. Daha deyiləsi bir söz yoxdur.  Artıq statistika danışacaq”.
Bunu “Sherg.az”a sosial izolyasiya qaydalarına əməl olunması ilə bağlı danışan həkim Fəxranə Hüseynzadə deyib. 
O, insanların məsuliyyətsizliyindən gileylənib: 

“Biz bir həkim kimi artıq əsəbiləşirik. Hələ də koronavirusa inanmayanlar var. Elə adam var ki, zəng edib, COVİD-19-un real ya mif olduğunu soruşur. Bilmirəm, insanları inandırmaq üçün daha nə etmək lazımdır. Bu qədər ölüm, göz yaşı kifayət etmir?!” 



Həkimin fikrincə, bölgələrdə vəziyyət daha pisdir:

“Bakıda insanlar yavaş-yavaş vəziyyətin ciddiliyini başa düşürlər. Rayonlarda isə özünü qoruyanı, maska taxanı məsxərəyə qoyurlar. Belə olmaz. Maarifləndirmə işi aparılmalıdır. Sosial məsafəni qurumaq, tez-tez əlləri yumaq şərtdir. Unutmaq olmaz ki, maska çənəyə yox, ağıza taxılmaq üçündür. İndi hər insanın qohum-ərqabasında yoluxan var. Əgər belə davam etsə, birazdan hər ailədə bir yoluxan olacaq. Avqustdakı vəziyyət insanların davranışından asılıdır”. 

F.Hüseynzadə müəyyən təkliflər verdi:

“Yalnız insanların da üstünə düşmək olmaz. Səlahiyyətli orqanlarda da təqsir var. Məsələn Bakı Nəqliyyat Agentliyində. Niyə avtobus sərnişinlə dolu olmalıdır?! Yaxşı, vətəndaş məsuliyyətsizdir, bəs sürücülər, BNA hara baxır ?! Müxtəlif qapalı yerlərə, o cümlədən ictimai nəqliyyata insanlar sayla buraxılmalıdırlar. Bu işə nəzarət gücləndirilməlidir”.