Uşaq sığınacağına hücumun TƏFƏRRÜATI... - Sədr son vəziyyəti açıqladı

“Uşaq sığınacaqdan getmək istəmədiyini bildirdi”



Dünən gecə saat 01:00 radələrində Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki Uşaq Sığınacağı-Reabilitasiya Mərkəzinə hücum olub. Bu barədə sığınacağın rəhbəri Kəmalə Ağazadə açıqlama verib:
“Sığınacağımıza 1 ay öncə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən yerləşdirilmiş qızın bibisi və bibisinin qızı gecə saat 1-də binaya hücum edib.
Pandemiya dövründə kənar şəxslərin girişini qadağan etmişik. Hər iki şəxsə bu barədə məlumat versək də, xeyri olmadı. Bizə hədə-qorxu gəlirdilər. Ətrafda yaşayan binaların sakinləri şahiddir ki, necə söyüşlər, təhqirlər edirdilər”.



Təfərrüatlar barədə “Sherg.az”a danışan Kəmalə Ağazadə bildirib ki, məlum olay baş verən zaman dərhal 102 xidmətinə müraciət edib. 
Onun sözlərinə görə, polis əməkdaşları gələnə qədər böyük səs-küy və qalmaqallar yaşanıb:

“Uşaqların çoxusu qorxu içində idi. Daha sonra hadisə Daxili İşlər Nazirliyinin tam nəzarətinə götürüldü. Uşaqla bir daha söhbət aparıldı, onun fikri öyrənildi. Uşaq sığınacaqdan getmək istəmədiyini bildirdi. Qohumlarının uşağı sığınacaqdan çıxarmaq istəmələrinin səbəbi də məlum zorakılıq faktının tibbi ekspertiza ilə təsdiqini tapmasıdır. Ona görə təzyiq göstərərk uşağı sığınacaqdan çıxarmaq istəyirdilər. Hazırda bu iş DİN-nin tam nəzarətindədir. Baş verənlərlə yaxından maraqlandıqları üçün jurnalistlərə və DİN əməkdaşlarına təşəkkürlərimi bildirirəm”.