Şöbəni fakültəyə çevirən BÖYÜK USTAD 

“Onun cismi yoxluğu ilə təkcə fakültənin deyil, bütün ölkənin həyatında bir vakuum yaranıb”



Bu gün Azərbaycanın böyük alimi, mətbuat tədqiqatçısı, BDU-nun Jurnalistika fakültəsinin professoru Şirməmməd Hüseynovun anım günüdür. O, keçən ilin bu günü, 95 yaşında gözünü bu dünyaya əbədi yumdu.


Ailəsindən, əzizlərindən, müəllmi yoldaşlarından (onların əksəriyyəti yetirməsi olub) və çox sevdiyi tələbələrindən əbədi ayrıldı. Həmin gündən sonra nə fakültənin dəhlizində addım səsləri, nə də auditoriyalarda mühazirələri eşidildi...Əvəzində, Milli Mətbuat Tarix Kafedrasının yanında barelyefi vuruldu. İndi professor həmin barelyefdən fakültəni izləyir, qoyub getdiyi təmiz mühitə nəzarət edir...

 
 
Böyük bir jurnalist  ordusu yetişdirən Şirməmməd müəllimin vəfatının bir illiyi ilə bağlı “Sherg.az”a danışan BDU-nun Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli kədərini şair Vaqif Səmədoğlunun misraları ilə izah etdi: 

“1956-cı ildə Vaqif Səmədoğluya zəng gəlir. Dəstəyi qaldırır, deyirlər ki, atan rəhmətə gedib. Dəstək əlindən düşür və Vaqif şeirlərinin birində onu “dünyanın ən ağır qanteli” adlandırır. Bir il əvvəl – 2019-cu il iyunun 24-də metro ilə işdən evə gələrkən telefonuma zəng gəldi ki, Şirməmməd müəllim vəfat edib. Telefon əlimdən düşdü və “dünyanın ən ağır qanteli”nin nə olduğunu anladım...

Şirməmməd müəllim bir çox “ilk”lərə imza atmış tarixi bir şəxsiyyətdir. 75 il öncə - 1945-ci ildə ADD (Bugünkü BDU o vaxt “Azərbaycan Dövlət Darülfünunu” adlanırdı) filologiya fakültəsinin tərkibində Jurnalistika şöbəsi açılanda oraya qəbul olunmuş ilk tələbələrdən biri Şirməmməd Hüseynov olub. 1954-cü ildə Moskva Dövlət Universitetinin aspiranturasını bitirib jurnalistika ixtisası üzrə ilk tarix elmləri namizədi alimlik dərəcəsi almış Azərbaycan vətəndaşı Şirməmməd Hüseynov olub.

O vaxtdan fasiləsiz olaraq düz 65 il bu elm və təhsil məbədində şərəflə müəllimlik etmiş, 1969-cu ildə şöbəni fakültəyə çevirmiş, bu müddətdə 4 mindən çox məzunun həyata vəsiqə almasında misilsiz xidmətlər göstərmiş vətənpərvər ziyalılardan biri Şirməmməd Hüseynov olub.

Düz bir ildir, Şirməmməd müəllim bizi cismən tərk edib, ruhu isə bizimlədir.

Onun cismi yoxluğu ilə təkcə fakültənin deyil, bütün ölkənin həyatında bir vakuum yaranıb. Auditoriyalar boş qalıb, insanlar maskalanıb. Sanki O, bizim qoruyucu mələyimiz imiş...