"Beynəlxalq sənədlər müharibə haqqımızı tanıyır” - Daha nə gözləyirik ki?!

“Türkiyənin gücündən yararlanmalıyıq. Qardaşımız da bizə deyir ki, müharibəyə başlasanız yanınızda olacayıq”



 Bu günlərdə beynəlxalq qurumların Ermənistana havadarlıq etməsinin bir daha şahidi olduq.  Belə ki, düşmən ölkədə “Çiçəklənən Ermənistan” partiyasının sədri, həmçinin Ermənistan parlamentindəki “Sarukyan” partiyasının sədri Qaqik Sarukyanın deputat toxunulmazlığının əlindən alınması iğtişaşlarla nəticələndi.

Əhali ayağa qalxdı. Polis askiyanı zor gücünə yatırdı. Dəyənəkləri, gözyaşardıcı qazları işə saldı. Amma ATƏT və  digər ədalət “carçılar”ı, deyəsən, çox vaxt olduğu kimi, yenə də gözlərini, qulaqlarını bağlamışdılar. 



 “Qarabağ Azadlıq Təşkilatı”nın sədri Akif  Nağının “Sherg.az”a dediklərindən belə məlum oldu ki, beynəlxalq ictimaiyyət sadəcə Ermənistanda baş verənləri görmək istəmir:

“Ermənistana olan münasibət göz qabağındadır. Biz əvvəllər də dəfələrlə bu cür haqsızlıqların şahidi olmuşuq. Bir tərəfdən Qərb, bir tərəfdən isə Rusiya düşmənimizi dəstəkləyir. Onların fikrincə, Ermənistan ən demokratik dövlətlərdən biridir. Əlbəttə, reallıq tamam fərqlidir. Ermənistana olan belə yanaşmanın kökü isə dində, yəni xristianlıq amilindədir. Hakimiyyətə kimin gəldiyinin fərqi yoxdur-istər terrorçü gəlsin, istər küçədən biri, yenə də münasibət dəyişməyəcək. Çünki bir çox qüvvələr Cənubi Qafqazda Ermənistanın mövqeyini gücləndirmək istəyirlər. Özü də müsəlmanlara-bizə, Türkiyəyə qarşı”. 
  
A.Nağının fikrincə, belə mürəkkəb situasiyada Azərbaycanın öhdəsinə çox ciddi vəzifələr düşür: 

“Biz hansısa ədalətli mövqeyə ümid etməməliyik. Əksinə, yolumuzda daha iri addımlarla irəliləməliyik. Beynəlxalq qurumların Azərbaycana münasibəti kağız üzərindədir. Fəqət həmin sənədlər müharibə haqqımızı tanıyır”. 

Təşkilat sədri, həmçinin bildirdi ki, hərbi əməliyyatlar ən ideal variantdır:

“Biz Rusiya və İranın Qərblə ziddiyyətli münasibətlərindən istifadə etməli idik. Amma hələ ki, bacarmırıq. Buna baxmayaraq, Türkiyənin gücündən yararlanmalıyıq. Qardaşımız bizə deyir ki, müharibəyə başlasanız yanınızda olacayıq. Daha nə gözləyirik ki?!”.