Məscidlərdə namaz qılmağa icazə verilə bilərmi? - AÇIQLAMA 

“Yoluxdurucu təhlükəsi varsa, mütləq kütləvi yerlərdən uzaq durmaq lazımdır”

“İnanclar başqa ölkənin qaydaları ilə deyil, öz dövlətimizin qanunları ilə tənzimlənməlidir”


Türkiyədə məscidlərdə namaz qılmağa icazə verilib. Dini işlər naziri Ali Erbaş bu barədə sosial mediada məlumat verib. Nazir paylaşdığı məlumatda, maska və sosial məsafəyə riayət etmək şərtilə sübh, axşam və gecə namazlarının camaatla birgə qılınacağını açıqlayıb: “Məscidlərimizi cümə və hər gün günorta namazlarına açmışdıq.

Bu gündən isə maska və sosial məsafə qaydalarına riayət etməklə sübh, axşam və gecə namazlarına da açırıq”. Türkiyədə məscidlərdə namaz məsələsi xeyli vaxtdır müzakirə olunur və məsələyə birmənalı münasibət sərgilənmir. Elə Erbaşın namazla bağlı sonuncu qərarı da birmənalı qarşılanmayıb. Din işləri üzrə nazirə dəstək çıxanlarla yanaşı, sərt etiraz bildirənlər də olub.

Qardaş ölkədə ibadətlə bağlı verilən qərar sosial şəbəkənin Azərbaycan seqmentində müzakirənin açılmasına gətirib çıxarıb. Məlum olduğu kimi bizdə də məscidlərdə ən azından cümə namazına icazə verilməsi tələbləri gündəmə gəlməkdədir. 



Məsələ ilə bağlı fikirlərini “Sherg.az”a bölüşən ilhahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov deyib ki, pandemiya məsələsi dünyada qlobal problemə çevirilib. İlahiyyatçının sözlərinə görə, islam dini ritual ibadətləri insanların üzərinə yük olaraq qoymayıb. Əksinə, onların üzərindən əlavə yükləri götürmək üçün vacib sayılıb:

 “Əgər bir bölgədə xəstəlik geniş yayılırsa və yoluxdurucu təhlükəsi varsa, mütləq kütləvi yerlərdən uzaq durmaq lazımdır. Müsəlman özünü bütün təhlükələrdən qorumalıdır. Bu islam dinin tələbidir. İbadətlər cəm və ya tək fərq etməz, yalnız xalis niyyətlə edildikdə sahibinə savab qazandırır. Hər kəs dövlətin qanunlarına birmənalı əməl etməlidir.

Koronavirus təhlükəsinə görə, dövlət üçün əhmiyyətli işlər dayandırılıbsa, xəstəlikdən qorunmaq üçün təhlükəsizlik tədbirləri gücləndirilibsə, məscidlər, sinaqoq və kilsələr də bu qanuna birmənalı tabe olmalıdır. İnanclar başqa ölkənin qaydaları ilə deyil, öz dövlətimizin qanunları ilə tənzimlənməlidir”.