Həkimin “pandemiya gündəliyi”: “Ağır xəbərlərə görə məni bağışla...” - TƏSİRLİ NOTLAR! 

“Koronavirusun bitdiyini xəbər verib, həmin “gündəliyi” bir daha açmamaq şərti ilə əbədi bağlayacam”

“İnanıram və ümid edirəm ki, “gündəliyimin” sonuncu qeydləri nikbin notlarla dolu olacaq”




Sabunçu rayonundakı 11 saylı poliklinikanın həkim-terapevti, 3 aydır könüllü olaraq Tədris Cərrahiyyə Klinikasında çalışan Məlahət Hümmətqızının “Facebook” sosial şəbəkə hesabındakı təşəbbüsü maraqla qarşılanıb. O, çalışdığı klinikada baş verən gündəlik hadisələri qeyd edir və oxucularla paylaşır.

Nəticədə insanlar həkimlərimizi daha yaxşı tanıyır, səhiyyə işçilərimizin gərgin fəaliyyətləri ilə bir daha tanış olurlar. Əyanilik məqsədilə həkimin bir neçə gün əvvəl yazdığı qeydləri təqdim edirik: “22.06.20 ATU - nun Tədris Cərrahiyyə Klinikası..15.00. 11- ci mərtəbə. Həmişəki kimi iş başındayam. İşin sonuna az qalıb. Yorğun və gərgin iş saatından sonra stol arxasına keçib xəstəlik tarixlərini yazıram. 18 xəstəmiz var. 3 ağır xəstəmiz olsa da, vəziyyətləri stabildi. Çalışırıq xəstələri sağaldıb tezliklə evlərinə yola salaq...”.

 Sözügedən təşəbbüslə bağlı Məlahət Hümmətqızı “Sherg.az”a fikirlərini bildirdi. O, ilk gündən etibarən belə qeydlər etdiyini dedi:

“Artıq 3 aydır ATU- nun Tədris Cərrahiyyə Klinikasında könüllü olaraq  çalışıram. Bura gələndə  gördüm ki, insanlar panika içərisindədirlər. Onlar narahat və məlumatsız idilər. Ona görə,  özümə söz  verdim ki, insanlara burada baş verən hadisələri çatdırım, xəstələr barəsində məlumatlar verim,  qəhrəman həkimlərimizin   fədakarlığından, şəfqətli tibb bacılarının  yorulmazlığından yazım. 

Beləliklə, vaxt itirmədən, belə demək mümkünsə, ikinci işimə başladım. Və böyük uğur qazandım. İnsanlar yazılarımla bağlı fikirlərini bildirlər. Tədricən mətbuat da həmin qeydlərdən istifadə etdi və səhiyyə işçilərimizi “qəhrəman həkim”lər adlandırdılar.  TCK- da baş verən bütün hadisələri işıqlandırmağa çalışıram. İşimi bitirib  evə gedənə qədər nə olursa, həmin günün sonu onları əvvəlcə telefonumun “qeyd dəftərçə”sinə yazır, sonra da paylaşıram.

Qeydlərimə davam edirəm. Bu gün olanları da mütləq qeyd edəcəm. Sabahkıları da, o biri günküləri də...İnanıram və ümid edirəm ki, “gündəliyimin” sonuncu qeydləri nikbin notlarla dolu olacaq. İnsanlarımıza koronavirusun bitdiyini xəbər verib, həmin “gündəliyi” bir daha açmamaq şərti ilə əbədi bağlayacam. Yəqin ki, o vaxt oxucular əvvəl yazdığım ağır xəbərlərə görə məni bağışlayarlar...”