Cərimələr artıq qüvvəyə minir

Hər bir KİV orqanı dil normalarına əməl etməyə məcburdur


Prezident İlham Əliyev "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb. 
Dəyişikliyə gözə, teleradio yayımlarında dövlət dili normalarının pozulmasına görə inzibati xətanı aşkar etmiş Milli Televiziya və Radio Şurasının sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri, şöbə müdiri, sektor müdiri inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti verilir.  
Eyni zamanda Nazirlər Kabineti  kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 533-1-ci maddəyə (kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması) əsasən, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. Qanun bu gündən qüvvəyə minib.

Fərman dil normalarının pozulmasına qarşı ən güclü vasitə olacaq 

Kütləvi informasiya vasitələrində, xüsusilə də televiziya və radioda Azərbaycan ədəbi dil normalarının pozulması, həm də kobud şəkildə pozulması illərdir müşahidə olunur. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsi də artıq uzun müddətdir ki, dil normalarının pozulmasının monitorinqini aparır, pozuntu hallarını qeydə alır, təhlil edir. Lakin hər dəfə MTRŞ “cəzalandırmaq üçün əlimizdə səlahiyyət yoxdur” deyib çarəsiz qaldıqlarını bildirirdi.   
Lakin artıq cəzalanma üçün hüquqi əsaslar var. Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik müzakirəyə çıxarıldı, Məcəlləyə müvafiq əlavə qəbul edildi. 
Qəbul edilmiş əlavəyə əsasən kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə 1 il şərti olaraq inzibati cərimə tətbiq ediləcək. Bu inzibati xətanı (kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsi halları istisna olmaqla, inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxaracaq.
Təbii ki, cəzaların sərtləşməsi dil normalarının qorunması zərurətindən doğur.  
Məlumdur ki, KİV-də, xüsusən də televiziya və radiolarda, həmçinin internet resurslarında dil normaları tez-tez pozulur. Əlbəttə, bu, heç də xoş deyil və həm oxucularda, həm də tamaşaçı və dinləyicilərdə, sosial şəbəkə istifadəçilərində narazılıq yaradır. Cəzaların sərtləşməsi ilə dil normaları pozuntularının qarşısı tamamilə alınacaqmı? 

Cəzalanma üçün hüquqi əsas var artıq 

AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva “Şərq”ə açıqlamasında Prezidentin imzaladığı fərmanın dil normalarını qoruyacaq güclü vasitə olduğunu dedi:  

- Biz Prezidentin imzaladığı fərmanı kütləvi informasiya vasitələri və reklam daşıyıcılarında Azərbaycan ədəbi dil normalarının pozulmasına qarşı indiyədək aparılan işlərin məntiqi davamı hesab edirik. Bilirsiniz ki, dil normalarının qorunması üçün məqsədyönlü işlər aparılıb, müvafiq fərman və sərəncamlar imzalanıb, İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Cənab Prezidentin Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılmasına dair 01 noyabr 2018-ci il tarixli fərmanı var. Bütün bunlar bizə imkan verir ki, televiziya və radioda, eləcə də reklam daşıyıcılarının dilində yol verilən nöqsanları, qüsurları araşdıraq, müəyyən edək və onların düzəldilməsini teleradio yayımçıları və reklam daşıyıcılarından dil normalarına riayət edilməsini tələb edək. Konkret cərimələr də nəzərdə tutulur. Lakin biz hesab edirik ki, cərimələr simvolik xarakter daşıyır. Məqsəd Azərbaycan ədəbi dilinin qorunması, saflaşmasıdır. Ona görə də fikir verirsinizsə, Monitorinq şöbəsi teleradio yayımçıları və reklam daşıyıcılarına daha çox tövsiyə xarakterli xəbərdarlıqlar edir. Qüsurların düzəldilməsini, nöqsanların aradan qaldırılmasını istəyir. Lakin onu da görürdük ki, qüsurlar, nöqsanlar, norma pozuntuları qeydə alınıb ünvanlara bildirilsə də, bundan nəticə çıxaranlar, qüsurları aradan qaldırmağa çalışanlar çox az olurdu. Amma cəzalanma üçün hüquqi əsaslar olmadığından müsbət nəticə əldə edilmirdi. Artıq müvafiq fərman və sərəncamlarla cəza mexanizmi işləyə biləcək. Bu, bizim arzuladığımız, gözlədiyimiz məsələ idi. Amma yenə təkrar edirəm ki, biz hansısa teleradio yayımçısının cəzalanmasından məmnun deyilik. İstəyimiz sadəcə, Azərbaycan dilinin qorunmasıdır. Azərbaycan dili dünyada işlək olan dillər arasında ən gözəli, ən lətif və çox zəngin bir dildir. Dilimiz sanki musiqi ilə yoğrulub. Axıcı, həzin, yeri gələndə mübariz, döyüşkən. Dilimizlə hər bir təbii halı obrazlı şəkildə ifadə etmək iqtidarındayıq. Belə olan halda, niyə onu korlamalı, yad elementləri dilimizə daxil edib saflığına kölgə salmalıyıq?! Ona görə vurğulayıram ki, cərimələrin tətbiqini hüquqiləşdirən bu fərman və sərəncamlar arzuladığımız rəsmi sənədlərdir. Tövsiyələr daimi ola bilməz, maarifləndirici tədbirlər öz yerində, amma cəza mexanizmi də olmalıdır. Çünki görürük ki, maarifləndirici tədbirlər, tövsiyə və məsləhətlər bəzən effekt vermir. Cəzalanmanın olmadığını bildiklərindən arxayınlaşır və qaydalara əməl etməyə məsuliyyətsiz yanaşırlar.        

Bu o deməkdir ki, artıq güzəşt olmayacaq. Ədəbi dil normalarını pozanlar, “Dövlət dili haqqında” qanunun tələblərinə məhəl qoymayanlar cəzalanacaqlar.  Doğrudur, biz istəyirdik, cəza mexanizmi internet resursları da əhatə etsin, çünki bu sahə ictimaiyyətə geniş təsir imkanlarına malikdir. Amma hələ ki, cəzalar KİV və reklam daşıyıcılarını əhatə edir. Qaydaları pozanlara ilk növbədə xəbərdarlıq ediləcək və onlara qüsurları aradan qaldırmağa müəyyən möhlət veriləcək. Növbəti mərhələdə qüsurlar yenə təkrarlanacaqsa, artıq konkret cərimələr tətbir ediləcək. Hesab edirik ki, bununla Azərbaycan dilinin – dövlət dilinin qorunması, ədəbi dilimizin korlanmasının qarşısını ala biləcəyik.       

Aparıcılar dil qüsurlarını düzəltməyə meyilli deyil

S.Əliyeva qeyd etdi ki, hazırda koronavirus pandemiyası ilə əlaqədar kütləvi informasiya vasitələri və reklam daşıyıcılarında ədəbi dil normalarının pozulmasına dair monitorinqləri tam yerinə yetirə bilmirlər: 

- Problem reklam daşıyıcılarında dil normalarının pozulması halları ilə bağlı monitorinq aparmaq imkanının olmamasıdır. Məlumdur ki, karantin rejimi tətbiq edildiyindən müşahidə aparıb pozuntu hallarını qeydə almaq imkanlarımız yoxdur. Lakin televiziya və radiolarda monitorinqlərimizi ev şəraitində davam etdiririk. Telekanalları izləyir, radiodakı proqramları dinləyirik. Onsuz da hamı bu dəqiqə xəbər proqramlarına köklənib, hamımız ümidverici xəbərlər, müsbət informasiyalar gözləyirik. Bu baxımdan da istər televiziya, istərsə də radio verilişlərini və proqramları izləyir və dinləyirik. Bunu təəssüflə deməliyəm ki, koronavirus pandemiyası günlərində tv və radio aparıcılarının dilində ən kobud pozuntular ən çox işlənən 3 sözdə özünü göstərir: pandemiya, epidemiya və koronavirus. Karantin rejimi tətbiq edilən karantin sözü də bu sıraya əlavə edildi. Aparıcılar bu sözləri düzgün tələffüz etmir. Və Azərbaycan ədəbi dilinin normalarını pozurlar. Pandemiya, epidemiya, karantin sözlərindəki “d” və “t” kar samitlərini bu hərflərin rus dilindəki səslənməsinə uyğun cingiltili səsləndirirlər ki, bu da kobud dil pozuntusudur. Koronavirus sözünü də müxtəlif səsləndirirlər. Gah vurğunu ikinci hecaya, gah da sonuncu hecaya salırlar. Düzgün tələffüs isə vurğunun “i” səsinin üzərində olmasıdır. Mürəkkəb sözləri əmələ gətirən hər sözün ayrılıqda öz vurğusu var. Amma mürəkkəb söz şəklində vurğunun hansı hecanın üzərinə düşməsi dil normaları baxımından önəmlidir. Əcnəbi dillərdən dilimizə keçən sözlərin dil tərəfindən mənimsənilməsi zamana bağlıdır. Məsələn, kompüter texnologiyaları ilə yeni tanışlığımızda bu sözü hərə bir cür yazırdı. Amma müəyyən müddət keçdikcə sözün dəqiq yazılış və tələffüz forması sabitləşdi. Digər sözlər də belədir. Hər bir əcnəbi sözün dildə “oturuşması” üçün zaman lazımdır. Həm də hesab edirəm ki, sözlərin düzgün tələffüzündə mıəktəbin, ailənin böyük əhəmiyyəti var. Həmçinin kollektivə rəhbərlik edən şəxslərin. Elə aparıcılar var, hətta Prezident sözünü də düzgün tələffüz etmir, yenə də “d” hərfini kar deyil, cingiltili səsləndirirlər. Bu aparıcıların redaktoru, proqrama məsul şəxslər, TV-radio rəhbərlər yəni, bu qüsurları görmür, ya bunun qüsur olduğunu bilmir? Bəlkə bilsələr də, əhəmiyyət vermir, məsuliyyətsiz yanaşırlar. 

Daxili inkişaf və dəyişmələrlə səciyyələnən dilin bir forması kimi, ədəbi dil də bəhrələndiyi mənbələr əsasında dəyişir və zənginləşir. Dil sistem təşkil etdiyindən nəinki bir səviyyənin daxilindəki dəyişmələr, hətta dilin müxtəlif səviyyələrindəki dəyişmələr zəncirvari şəkildə bir-birinə təsir edir, bir hadisə digərini şərtləndirir. Odur ki, norma məsələsini izlədikdə də bu halı diqqətdə saxlamaq, dilin daxili qanunlarını və eləcə də onun inkişafına təkan verən amilləri nəzərə almaq lazımdır. Dilin bütün səviyyələrində, müvafiq olaraq, müəyyənləşmiş norma özünü göstərdiyi kimi, normanın pozulması hallarına da təsadüf olunur. 

İndiyədək biz dəfələrlə konkret aparıcıların danışıqlarında yol verdiyi qüsurlar haqqında təmsil etdikləri tv və radioların rəhbərlərinə məlumat vermişik, monitorinqin nəticələri açıqlananda da biliblər, məlumat alıblar. Lakin diqqət etmişik ki, heç bir müsbət dəyişiklik, qüsurların aradan qaldırılması baş verməyib. Lakin bundan sonra cərimələr artıq qüvvəyə minir. İnanırıq ki, cərimələrin tətbiqi ilə tv və radio rəhbərləri daha məsuliyyətli olacaqlar. 

S.Əliyeva qeyd etdi ki, monitorinqlər tv və radio yayımçıları üzərində aparılır, karantin rejimi bitdikdən sonra reklam daşıyıcılarının dil normalarına nə dərəcədə riayət etdikləri də müəyyənləşəcək və bunun nəticəsi olaraq təhlillər ümumiləşdirilərək yekun nəticələr hazırlanacaq. Bu barədə ictimaiyyətə geniş məlumat veriləcək.