Ekspert də narazıdır: “Abituriyentlər gözləməkdən yorulurlar hətta...” - Stress yaradır !

“Öyrəndikləri, bildikləri bacarıqları da unudurlar”

“Valideynlər narahatlıqlarını uşaqlarına büruzə verməsinlər.Çünki bu, abituriyentlərdə daha çox stress yaradır”


Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzinin (DİM) qərarına əsasən koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə imtahanlar təxirə salınıb. Təhsil Nazirliyi bu müddət ərzində təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiya və digər qabaqlayıcı tədbirlərin həyata keçirildiyini bildirib.
 Koronavirus pandemiyası dövründə imtahan vaxtlarının bir neçı dəfə dəyişdirlməsi abituriyentlərdə stressin daha da artmasına səbəb olur. 


Abituriyentlər psixoloji təsir altına düşməmək üçün nə etməlidirlər və bu işdə valideynlər onlara necə kömək göstərə bilərlər? 



Mövzuyla bağlı “Sherg.az”a danışan təhsil eksperti  Kamran Əsədov bildirib ki, mart aynın 3-dən etibarən ölkədə bütün təhsil pillələri üzrə tədris prosesi dayandırılıb və bu, öz təsirini daha çox  həm ibtidai siniflərdə oxuyan şagirdlərə, həm də 9 və 11-ci sinifdə oxuyan abituriyentlərə göstərdi:

“Buraxılış imtahanları öncədən mart və aprel aylarında planlaşdırılsa da, pandemiya səbəbindən təxirə salındı. Burada bir məqam var ki, hər dəfə vaxt elan edildikdən sonra Operativ Qərargah ölkə ərazisində sərt korantin rejimi tətbiq edir və müvafiq ərazilərdə imtahanların keçirilməsi dayandırılır. Bu, təbii ki, abituriyentlərə təsir göstərəcək.Onlar 4 aya yaxındır ki, tədris prosesindən uzaq qalıblar. Eyni zamanda hazırlığa gedə bilmirlər. Abituriyentlər yalnız “online” şəkildə təhsil almağa məcburdurlar və bu da birmənalı şəkildə keyfiyyətli təhsilin alınmasına  imkan vermir. Hazırda imtahanlar başa çatmayıb və çətin bir dövrdür.

Bu ərəfələrdə valideynin də psixoloji təsiri çox önəmlidir.Valideynlər  həm mənəvi, həm də maddi itkiyə məruz qalırlar.Çünki imtahanların vaxtı uzandıqca müəllimlər “online” qaydada ödənişli əsaslarla dərs keçirlər.Bu da planlaşdırılmış vaxtdan artıq vəsait itkisinə gətirib çıxırır. Hələ də valideynlər fənnlər üzrə hazırlıqlara pul ödəyirlər. Bütün bunların fonunda valideynlər səbrli və təmkinli olmalıdırlar.

Bununla bağlı bizə kifayət qədər müraciətlər daxil olur. Abituriyentlər artıq yorulurlar hətta öyrəndikləri, bildikləri bacarıqları da unudurlar.Səbirli olmağı tövsiyə edirik. DİM vizuallaşmış “YouTube” kanalında olan dərsləri izləsinlər, verilən sınaq imtahanlarında iştirak etsinlər ki, əldə etdikləri bilikləri unutmasınlar.Valideynlər narahatlıqlarını uşaqlarına büruzə verməsinlər.Çünki bu, abituriyentlərdə daha çox stress yaradır.

Valideynlər  təmkinli, səbirli olsalar, müəyyən qədər abituriyentlərə psixoloji dəstək göstərə biləcəklər. Burada psixoloji vəziyyəti güclü olanlar qalib gələcək”.

Fidan Həbibli