Pandemiya üzə çıxardı: “Ölkədə əsl psixoloqlar çox deyilmiş” 

““Facebook”da, “İnstagram”da özlərini psixoloq kimi təqdim edənlərin sayı yüzlərlədir, amma...”

“Özlərini psixoloq adlandırıb əslində heç nə bilməyənlər ifşa olunacaqlarından qorxaraq geri çəkiliblər”

“Onlar sadəcə mövcud vəziyyət qarşısında aciz qalıblar. Belə psixoloq başqasına necə kömək edə bilər?” 



Koronavirus pandemiyası bir həqiqəti də üzə çıxardı: Sən demə, ölkədə psixoloqlar göründüyü kimi çox deyilmiş. Müxtəlif sosial şəbəkələrdə özlərini bu peşə sahibi kimi qəbul edənlər, “aqressiya”, “depressiya” kimi sözləri ustalıqla tələffüz edən, amma həmin anlayışların mahiyyəti barədə heç nə bilməyənlər daha gözə dəymirlər. Yaxın keçmişdə “yağışdan sonra çıxan göbələklər” kimi yerə-göyə sığmayanlar bəs indi hardadırlar?

Niyə indiki anda-belə bir çətin dövrdə insanların yanında olmurlar. Axı bu gün həkimlərlə yanaşı onlara da ehtiyac var. Biri səhhətimizin, digəri şüurumuzun qayğısına qalır.



 
Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq Ləman Səfərova bildirib ki, “psixoloq”ların  bir çoxu heç də eyni anda məzuniyyətə çıxmayıblar. Sən demə, səbəb başqa imiş:

“ Doğrudan da, “Facebook”da, “İnstagram”da özlərini psixoloq kimi təqdim edənlərin sayı yüzlərlədir. Bunun müxtəlif səbəbləri var. Onların indi “qeyb olmaları” isə heç də təsadüfi deyil. Çünki necə davranacaqlarını, nə edəcəklərini bilmirlər. Bir misal çəkim, sülh vaxtı hərbi xidmət çəkmək o qədər də çətin deyil. Ancaq müharibə başlayanda situasiya dəyişir.

Əvvəllər avtomatı əlindən yerə qoymayan əsgər indi döyüşdən qaçır. Axı bilikləri, təcrübələri və cəsarətləri yoxdur. Bax, bu da elə. Özlərini psixoloq adlandırıb əslində heç nə bilməyənlər ifşa olunacaqlarından qorxaraq geri çəkiliblər. Onlar sadəcə mövcud vəziyyət qarşısında aciz qalıblar. Belə psixoloq başqasına necə kömək edə bilər?”. 

L.Səfərova, həmçinin diqqətə çatdırıb ki, problem nəyisə bilməməkdə yox, bilmədiyini qəbullanmamaqdadır:

“Əlbəttə, müxtəlif peşə sahibi, eləcə də, psixoloq hər şeyi bilməyə bilər. Bu, onun peşəkarlığına xələl gətirmir. Bir şərtlə ki, bilmədiyini dərk edib öz üzərində çalışasan. Məsələn, mən karsinofobiya, yəni xərçəng xəstəliyinə yoluxma qorxusu haqqında çox az məlumatlıyam. Bunun üçün xüsusi təlimlərdə iştirak etməyi zərurilini anlayıram. Belə pasiyentlərə diaqnoz qoyub, məsləhət vermirəm.

Sizin haqqında danışdıqlarınız isə heç nə bilmədikləri halda, özlərini bir az mübaliğə ilə desək, az qala, Ziqmund Freyd hesab edirlər. Halbuki psixologiya olduqca dərin sahədir və dəryaya baş vuran adam ilk növbədə təvazökar olmalıdır”.