“Özünü düşünməyən ailəsini, yaxınlarını düşünsün” 

“Heç kimin ixtiyarı yoxdur ki, məsuliyyətsizliyinə görə başqa adamları yoluxdursun”


“Cənab Prezidentin Gəncədə modul tipli xəstəxananın açılışı zamanı ictimai qınaqla bağlı vurğuladığı məsələ olduqca mühümdür”. 
Bu sözləri “Sherg.az”a açıqlamasında YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Fuad Heydər deyib.
Gənc fəal bildirib ki, məsələ tək maska taxmaqda deyil, sosial məsafənin saxlanması da vacibdir: 

“Əslində “Covid-19” başlananda etibarən hər kəs özünü qoruyurdu və xəstəliyi ciddi qəbul edirdi. Nədənsə, bir zaman sonra bəzi adamlar koronavirusu “oyuncaq” hesab etməyə başladılar. İnsanların dözümsüzlüyü, narahatlığı başadüşüləndir. Amma epidemiyanın nə zaman bitəcəyi bəlli deyil. Hər halda bir müddət qorunmaq, tibbi vasitələrdən istifadə etmək, deyilənləri yerinə yetirmək özümüzü, ailəmizi və ətrafımızı xəstəliyə yoluxdurmaqdan daha faciəli deyil. Hamı özünü qorumalıdır. Zərurət olmadan evdən çıxmamalıyıq. Çıxdıqda isə mütləq maskadan istifadə etməliyik. Açıq məkan və ya qapalı yer olsun fərq etməz, hər şəraitdə tibbi vasitələrdən yararlanmalı, sosial məsafəyə diqqət yetirməliyik. Əfsuslar olsun ki, sosial məsafə gözləməyən insanların sayı kifayət qədərdir. Dayanacaqlarda, marketlərdə, nəqliyyat vasitələrində vətəndaşlar yaxın məsafədə dayanırlar, guya virusa “meydan oxuyurlar”. Real ölümlə risk etmək olmaz. Özünü düşünməyən ailəsini, yaxınlarını düşünsün. Heç kimin ixtiyarı yoxdur ki, məsuliyyətsizliyinə görə başqa adamları yoluxdursun”.



Analitik təəssüflə qeyd edib ki, insanlar axşam saatlarında topa halda gəzintiyə çıxırlar: 

“Bu cür davranışlar epidemiyanın artmasına səbəb olur. Cənab Prezident dəfələrlə çıxışlarında vətəndaşlara çağırış edib. Onların maska taxmağa, sosial məsafə saxlama səsləyib. Dövlət başçısı şəxsən özü səfərlərində, görüşlərində maska taxmaqla, məsafə saxlamaqla hamımıza örnək olur. Biz də ölkə rəhbərindən nümunə götürməliyik. Nəzərimi cəlb edən odur ki, bəzi gənclər tibbi maska taxmağı özlərinə “ayıb” bilirlər. Metrodan polsidən keçəndən sonra vaqona daxil olan kimi maskanı çıxarırlar. Xeyli adam isə maskanı çənəsində gəzdirir. Belə olmaz. Unutmayaq ki, koronavirus bəlasına cənab Prezidentin də dəfələrlə vurğuladığı kimi yalnız birlikdə qalib gələ bilərik”.