Gözləntilər əbəsdir: “Azərbaycan güc yolu ilə nəticə əldə edə bilər”

“Bu da ordumuzun döyüş qabiliyyətinin yüksək olmasından asılıdır”

“Azərbaycan ordusunun yüksək və çətin dağ şəraitində hərbi təlimləri birbaşa işğal olunmuş ərazilərin azad edilməsinə uyğun bir təlimdir”. 
Bu sözləri “Sherg.az”a politoloq Məhəmməd Əsədullazadə bildirib. 
Analitik bildirib ki, yüksək və çətin şəraitdə dağlıq bölgədə təlimlərə ayrılan peşəkar briqada və tabor müvəffəqiyyətli şəkildə uğurlu hərbi əməliyyatlar keçirə bilər: 

“Azərbaycanın işğal olunmuş əraziləri dağlıqdır və burada ağır texnika və piyadaların döyüşü çətin olur. Ona görə də Azərbaycan ordusunda belə bir təlimlərin keçirilməsi mütləqdir.



Bu sahədə ixtisaslaşmış briqada lazımdır. Orudumuz bundan sonrakı təlimləri çətin relyefli ərazilərdə və dağlarda keçirməlidir. Adi düzənlik sahədə keçirilən təlimlər Qarabağda hücum əməliyyatları üçün effektli deyil. Qarabağ çətin relyefə və yüksək dağlıq əraziyə malikdir. Bölgədə ordunun irəlilələməsi və minimum itki ilə çıxması üçün bu sahədə ixtisaslaşmış bölüklər vacibdir”. 

Siyasi şərhçiyə görə, işğalçı Ermənistan ərazilərimiz diplomatik danışıqlarla geri verməyəcək: 

“Nə qədər ki, bu ölkə Rusiyanın forpostudur, aparılan danışıqlar nəticəsiz olacaq. Əgər Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanın ölkəsində təsirini zəiflədə bilərsə, danışıqlarda müəyyən pozitiv irəlləyişlər ola bilər. Hazırda isə İrəvan hökumətindən bunu gözləmək əbəsdir. İndiki məqamda Azərbaycan güc yolu ilə müəyyən nəticə əldə edə bilər. Bu da ordumuzun döyüş qabiliyyətinin yüksək olmasından asılıdır”.