Önümüzdə Qarabağ savaşı var, sağlamlığınızın qeydinə qalın - Seyid Camal Əzimbəyli


 Tibbi maska taxmadan ictimai nəqliyyatdan ictifadənin qadağan edilməsi qərarına mənfi reaksiya verənlər də var, təəssüf ki. Bəhanə isə belədir ki, guya sərnişinlər tibbi maskalardan istifadə etsələr koronavirus yayılmayacaq?! Bəzi nadanlara anlatmaq olmur ki, tibbi maskalardan istifadə etməklə ilk növbədə özünü qoruyursan, sonra ətrafındakıları.

Yoluxma sayının artdığı bu günlərdə vətəndaş kimi hamımızdan tələb olunan iki əsas şərt var; tibbi maskalardan istifadə və sosial məsafənin gözlənilməsi. Metropolitendə hər gün bununla bağlı sosial elanlar səsləndirilir. Əhalidən virusla mübarizədə birləşmək çağırışları edilir. Sevindiricidir ki, ötən zamanlara nisbətən hazırda metroda, avtobuslarda tibbi maska taxılmasına, bir-iki istisnalarla demək olar əməl edilir. Amma sosial məsafənin saxlanması hələ də mümkün olmayıb. İctimai qınağa isə reaksiyalar bəzən çox kəskin olur. Hətta “öz işinlə məşğul” kimi sərt ifadələri eşitməli oluruq. Halbuki vətəndaşların qınağı məsuliyyətsiz davranan insanların sağlamlığı üçündür. 

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli “Şərq”ə açıqlamasında hazırda ölkə vətəndaşları üçün çox məsuliyyətli bir dövr olduğunu bildirdi: 

- Pandemiya başlanandan məni ən çox düşündürən bi məsələ olub ki, əgər biz özümüzü qorumasaq, öz sağlamlığımıza biganə qalmaqla ətrafımızdakıların sağlamlığını da təhlükəyə atacağıqsa, bəs Qarabağımızı kiminlə, necə azad edəcəyik?! Torpaqlarımızı işğaldan azad etmək üçün sağlam vətəndaş, möhkəm orqanizmə malik insanlarımız olmalıdır. Niyə biz bu vacib məsələni unuduruq? Koronavirus bu gün var, sabah yox olub gedəcək. Amma biz bu gün sağlamlığımızı düşünmürüksə, tələb olunan qaydalara riayət etmiriksə, sağlam vətəndaşlara sahib olmaq imkanlarımızı getdikcə itirəcəyik. Bizim Qarabağ boyda dərdimiz, faciəmiz, üzərimizə düşən şərəfli missiyamız var – torpaqlarımız azad etmək. Bunu düşünən hər bir vətəndaş sağlamlığının qayğısına qalmalı, hazırkı bəlalı mərhələdən az itki ilə çıxmağı qarşısına məqsəd qoymalıdır. Bunun da yolu qaydalara və karantin rejiminə riayət etməkdir. Şərqşünas və Qarabağ Seyid Ocaqlarının rəhbəri kimi qeyd edirəm; bu gün qaydalara əməl etməyərək özünü, həmçinin ətrafındakıları yoluxma təhlükəsi ilə üz-üzə qoyanlar böyük günah sahibi hesab edilir. Çünki bu hərəkətləri ilə onlar vətəndaşlarımızın həm sağlamlığını təhlükəyə atır, həm də topraqlarımızın işğaldan azad edilməsi kimi şərəfli bir vəzifəni yerinə yetirməkdən məhrum edəcəklər. Ölkə boyu səyahətə çıxmaqla virusu yayılmasına səbəb olanlar da həmçinin günahkardır. Hər birimizə sağlam can lazımdır ki, düşmənlə üz-üzə dayana bilək.