Deputat sərt DANIŞDI: “Bəyanatlar, notalar nəticəsizdir”- Müharibə !

“BMT-nin qəbul etdiyi dörd qətnamə işğal faktını təsdiqləyir, Azərbaycanın haqq səsini tanıyır”

“Müharibəyə başlamasaq, Ermənistan bundan sonra da istədiyini edəcək”


Ermənilər işğalda saxladıqları Kəlbəcər rayonuna Ermənistandan yol çəkilişinə başlayıblar.
Bu barədə Ermənistan KİV- i yazıb. Bildirilib ki, 18 kilometr uzunluğunda yol Vardenis-Ağdərə yolu ilə Kəlbəcərin rayon mərkəzini birləşdirəcək.
Ermənistanın Qeqarkunik vilayətindən Zod aşırımından keçməklə Kəlbəcərə çəkilən yolun asfaltlaşdırılmasına və yol kənarında səkilərin quraşdırılmasına Paşinyan hökumətinin 5 milyon dollar ayırdığı xəbər verilir.

Yeni yol Ermənistandan işğal altındakı Kəlbəcər rayonuna süni məskunlaşdırma siyasətini stimullaşdırmağa və yolun ətrafında yerləşən kəndlərin sosial-iqtisadi inkişafına dəstək məqsədi daşıyır. Bu, yol, həmçinin hərbi əhəmiyyətə də malik olacaq.

 

Ermənistanın işğalçılıq siyasətini təsdiqləyən növbəti faktorla bağlı “Sherg.az”a danışan deputat Elman Məmmədov söyləyib ki, düşmən Azərbaycan torpağında “at oynadır”:

“Bu, Ermənistanın Qarabağa çəkdiyi üçüncü yoldur. Onlar bizim torpaqlarımıza yol çəkir və sonra müxtəlif məqsədlərlə onlardan istifadə edirlər. Bizim torpaqlarımızda nə istəsələr edirlər. Hətta özləri azmış kimi, bir də xarici iş adamlarını bu əməllərə cəlb edirlər. Düzdür, etirazlar edir, bəyanatlar, notalar veririk. Amma nəticəsi olmur. Olmayacaq da”. 

Millət vəkilinin sözlərinə görə, biz ancaq hərbi əməliyyatlarla“şıltaqlıq”lara son verə bilərik: 

“Dediyim kimi, etirazların heç bir nəticəsi olmayacaq. Düşmənin işğalçılıq siyasətini bitirmək üçün müharibəyə başlamalıyıq. Buna haqqımız da, səlahiyyətimiz də, gücümüz də var.

Azərbaycan ordusunun qüdrəti, gücü kifayət qədərdir. Ordumuz dünyanın ən güclü 50 ordusu sırasındadır. Sadaladığım faktlar onu deməyə əsas verir ki, biz heç nədən çəkinmədən torpaqlarımızı işğaldan azad etməyə başlamalıyıq.

Üstəgəl, beynəlxalq sənədlər, o cümlədən BMT-nin qəbul etdiyi dörd qətnamə işğal faktını təsdiqləyir, Azərbaycanın haqq səsini tanıyır. Əgər müharibəyə başlamasaq, Ermənistan bundan sonra da istədiyini edəcək”.