“Pandemiya qorxusundan depressiv hala düşənlər var” – Psixoloji təsir !

“Elə gün yoxdur ki, 3-4 nəfər pasiyentlə telefon, vatsap, ya da skaypla söhbət edib, onlara yardım göstərməyim”



Bu gün Bakı sakini özünə bıçaq xəsarəti yetirib. Hadisə Əmircan qəsəbəsində qeydə alınıb. 1992-ci il təvəllüdlü Qulamov Elnur Elşən oğlu yaşadığı mənzildə özünə bıçaqla xəsarət yetirib.
Həmçinin 1998-ci il təvəllüdlü Elnur Qulamov da özünə qarın nayihəsindən kəsici-deşici alətlə xəsarətlər yetirib. Hadisə paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Rəhmanzadə küçəsi, ev 23-də qeydə alınıb.
Son zamanlar canına qəsd edənlərin sayı durmadan artır. Bəziləri bunu pandemiyadan doğan gərginliklərlə əlaqələndirirlər. Sanki, insanlar arasında affekt vəziyyət yaranıb. Özünə bıçaqla xəsarət yetirən və başqa formada intihara əl atanların sayı getdikcə çoxalır.

Mövcud durumla bağlı “Sherg.az”a danışan psixoloq Azad İsazadə bildirib ki, son illər ölkəmizdə özünə sui-qəsdlər çox idi. Psixoloqun fikrincə, pandemiya dövründə özünə sui-qəsdlər nisbətən azalıb. Bunun səbəbi yeni stressdir:

“İnsan özünü səfərbər edir və yeni stressə qarşı müqavimət göstərmək istəyir. Hər kəs virusa qarşı yox, pandemiyanın ətrafında yaranmış emosional fona qarşı xilasedici reaksiya verməyə başladı. Pandemiyanın ilk mərhələsində hamımız qorxduq, əlcək və spirt aldıq, maska axtardıq. Amma insan daimi qorxu altında yaşaya bilmir. Təəssüf ki, sonra əks reaksiya verib vecimizə də almadıq. Mart-aprel ayında o qədər də təhlükə yox idi, o zaman özümüzü qoruyurduq. İndi təhlükə real olaraq çoxalıb və özümüzü qorumuruq. Daimi qorxu altında yaşamaq istəmirik deyə belə edirik. Ona görə də virusdan qorunmamaqla özümüzə zərər yetiririk”.

Psixoloq bildirib ki, bəzi alimlər sui-qəsdin, aqressiyanın bir forması kimi insanın real təhlükədən qorxmadığını bildirirlər:

“Yəni insan real təhlükədən qorxmursa, deməli ölümdən də qorxmur və ölümə hazırdı. Bu, şüuraltı düşüncədir. Belə fikiləşmirik, amma beynimiz bizi qorumaq üçün bəzən fenomenal və paradoksal reaksiya verir”.

A.İsazadə qeyd edib ki, insanların bir qismi həddindən artıq qorxur və həyəcan keçirir, panik-atak vəziyyətinə gəlir və depressiyaya düşür. O insanlar içində özünə xəsarət edənlərə də rast gələ bilərik:

“Deməli pandemiya insanlara təsir etdi və bəziləri depressiv hala düşdü. Elə gün yoxdur ki, 3-4 nəfər pasiyentlə telefon, vatsap, ya da skaypla söhbət edib, onlara yardım göstərməyim. Çünki onlar evdən çıxmaq istəmirlər, qorxurlar, həyəcan keçirirlər. Hətta yaxın adamlarını və uşaqlarını da çölə buraxmır ki, birdən virusa yoluxarlar.

Təsəvvür edin, insan 4 ay qapalı yerdə olub. Sözsüz ki, belə insanlar arasında pandemiya qorxusundan əlavə karantin qaydalarına əsəbi pozulanlar da var. Bəziləri özünə xəsarət yetirmək həddinə gəlir.

Amma özünə xəsarət həmişə sui-qəsd kimi qiymətləndirilməməlidir. Bir çox insanlar var ki, əsəbindən özünə xəsarət yetirir ki, ağrı hiss edib qan çıxsın.

Bu, affektiv-psixopatik reaksiyadır. İnsan özünü öldürmək istəmir, hirsindən əlacsız qalıb özündən qan çıxarmaq istəyir.

Çox vaxt belə hala oğlanlarda rast gəlinir, əllərinin üstünü, qollarını kəsirləri ki, təki qan çıxsın, hirsi soyusun. Amma belə məsələləri sui-qəsd xəsarəti kimi daha dəqiq araşdırmaq lazımdır”.