“Elə sərnişin var, özündə məsuliyyət hiss edib maska taxmır”

“Hər insanın yanında polis dura, sürücü bütün sərnişinlərin maskasına nəzarət edə bilməz”

“Sürücü diqqətini hərəkətə yönəltməlidir. Bütün vətəndaşlar sosial məsuliyyətlərini dərk etməli, həm özlərini, həm də kənardakıları qorumalıdır”


Ölkəmizdə pandemiya ilə mübarizə tədbirləri davam edir. Amma son günlər aparılan müşahidələr göstərir ki, hələ də bəzi sərnişinlər sosial məsuliyyətdən kənar davranaraq avtobusda tibbi maskadan istifadə etmirlər. Bu cür məsuliyyətsiz davranışlara yol verən sərnişin özü ilə yanaşı, digərlərinin də sağlamlığını riskə atır.

Rəsmi qərara görə, iyunun 25-dən maskadan istifadə etməyən sərnişin olacağı halda avtobus dayanacaq məntəqəsini tərk etməyəcək. Yalnız sərnişin maska taxdıqdan sonra avtobus hərəkət edəcək. Buna baxmayaraq hələ də sosial məsuliyyətini dərk etməyənlər çoxdur. Təəssüf ki, vətəndaşlar min cür bəhanə ilə maska taxmaqdan imtina edir, hətta polis əməkdaşlarına kobud reaksiya verirlər.

Baş verənlərə əlaqədar fikirlərini “Sherg.az”la bölüşən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, ictimai nəqliyyatda elə məsələlər var ki, onların icra mexanizmi ictimai xarakterlidir. Ekspertin sözlərinə görə, hər bir sərnişinin və sürücünün vəzifəsi, öhdəliyi və hüquqları var:



“Sərnişin daşımaları qaydalarına müraciət etsək, bu qaydaların ömür boyu insanların bir-birini narahat etməməsi, ümumi təhlükəsizliyə uyğun olmasını görərik. Amma pandemiya dövründə elə məsələlər var ki, orada öhdəliklər və hüquqlar bir az kənara qoyulur. Çünki koronavirus ümumi bəladır. İndi birlikdə mübarizə aparmalıyıq. Təəssüf ki, sərnişin və sürücü mədəniyyəti aşağı olan şəxslər var. Əvvəllər onlar böyük təhlükə yaratmırdılar. İndiki şəraitdə isə ciddi təhlükə yaradırlar. Maskadan istifadə etməyi hər kəsə deyirlər. Hər insanın məsuliyyəti fərqlidir. Qanuna tabe olanlardan başqa, aqressiv, məsuliyyətsiz sərnişinlər var. İctimai qınaq da olmalıdır”.

F.Eyyubov qeyd edib ki, nə qədər sosial təbliğatlar aparılsa da, neqativ hallar yaşanır:

“Elə adam var ki, təbliğat ona sərf etmədiyi üçün qulaq asmaq istəmir. Hazırda insanların çoxusu depressiyadadır. Pataloji qapanma deyilən bir məfhum var. İnsanlar bir-birinə yardım göstərməlidirlər. Elə sərnişinlər var ki, məsuliyyətlərini hiss etmirlər. Hər insanın yanında polis dura, sürücü bütün sərnişinlərin maskasına nəzarət edə bilməz. Sürücü diqqətini hərəkətə yönəltməlidir. Bütün vətəndaşlar sosial məsuliyyətlərini dərk etməli, həm özlərini, həm də kənardakıları qorumalıdır”.