“Prezident olduqca sadə şəkildə qorunma yollarını göstərdi” 

“Sosial məsafənin qorunması, tibbi maskanın taxılması və gigiyena məsələlərinə riayət etməkdə çətin heç nə yoxdur”

“Bu üç amilə əməl etməmək, cəmiyyətin normal həyata qayıtmasının qarşısını almaq deməkdir”




Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Gəncədə səfərdə olublar. Ölkə başçısı 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu ilə tanış olub. 
Prezident korpusun açılış zamanı mühüm məsələlərə toxunub. O bildirib ki, koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır:

“Mən demişəm ki, sosial sahədə heç bir ixtisarlar olmayacaq. Minimum əməkhaqqı orta hesabla iki dəfə, minimum pensiya 70 faiz artdı. Müavinətlər 50 faiz, 100 faiz artdı. Problemli kreditlər kompensasiya şəklində insanlara maddi hədiyyə olaraq verildi. Yəni, bu məqsədlər üçün milyardlarla manat xərcləndi. Pandemiyaya qarşı mübarizə üçün 3 milyard manatdan çox vəsait nəzərdə tutulur. Bu vəsaitin bir hissəsi xərcləndi və biz yeni avadanlıqlar alırıq. İndi 23 laboratoriyamız var”. 

Prezident qeyd edib ki, biz yaranmış vəziyyətdən şərəflə çıxmağa çalışmalıyıq:

“Ancaq dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək. Biz birlik, həmrəylik nümayiş etdirmişik”.



Millət vəkili Nəsib Məhəməliyev “Sherg.az”a açıqlamasında deyib ki, ölkə başçısı Gəncəyə səfəri zamanı cəmiyyət üçün olduqca əhəmiyyətli mesajlar verib. Deputat qeyd edib ki, Prezident koronovirus pandemiyasına qarşı görülmüş işlər və problemlər barədə fikirlərini bölüşərkən bunun indiki zamanda milli təhlükəsizlik məsələsi olduğunu bildirib:

“Cənab Prezident olduqca sadə şəkildə qorunma yollarını göstərdi. Sosial məsafənin qorunması, tibbi maskanın taxılması və gigiyena məsələlərinə riayət etməkdə çətin heç nə yoxdur. Bu üç amilə əməl etməmək, özünün və yaxınlarının həyatını risk altına qoymaq və dövləti əlavə yükləmək, cəmiyyətin normal həyata qayıtmasının qarşısını almaq deməkdir”.

Deputat bildirib ki, cənab Prezidentin bu səfəri bir sıra iqtisadi, sosial, mədəni obyektlərin açılması və tarixi memarlıq abidələrinin bərpa olunması, yeni mədəniyyət ocaqlarının tikintisinin aparılması baxımından əlamətdar oldu:

“Samux rayonunda yaradılmış aqroparkın və orada yetişdirilən 62-70 sentner buğda, arpa məhsullarının elmi əsaslarla yetişdirilməsi isə aqrar sektorda aparılan siyasətin doğruluğuna dəlalət edir. Əsas diqqət çəkən məqam isə, ölkə başçısının həmin fermerlə apardığı dialoq, bu təcrübənin respublikanın digər rayonlarına yayılması və kadr hazırlığı ilə verdiyi tapşırıqlar oldu. Hesab edirəm ki, Prezidentin bu mesajı da yerlərdə eşidilməli, dövlətin yaratdığı şəraitdən fermerlər bəhrələnməlidirlər. Dünyada baş verən son hadisələr bir daha ərzaq təhlükəsizliyinin bütün ölkələr üçün aktual olduğunu, milli təhlükəsizliyin bir komponenti olduğunu təsdiq etmiş oldu”.