“Operativ Qərargah karantin rejimini sərtləşdirə bilər”

“Çünki bəzi adamlar ictimai yerlərdə kütləvi şəkildə toplaşaraq, maskasız, sosial məsafə gözləmədən hərəkət edirlər”


Karantin rejimi yumşaldıqdan sonra ölkəmizdə koronavirusa yoluxanların sayında kəskin artım baş verdi”.
Bunu “Sherg.az”a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. 
Deputat təəssüflə bildirib ki, insanlar Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara riayət etmədi: 




“Bəzi adamlar ictimai yerlərdə kütləvi şəkildə toplaşaraq, maskasız, sosial məsafə gözləmədən hərəkət edirlər. Nəticədə virusa yoluxanların sayında artım baş verir. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 15 günlük karantin müddəti tətbiq olundu. Hər kəs başa düşür ki, məhdudlaşdırıcı tədbirlər yaranmış vəziyyətin tələbidir. Düzdür, əvvəlki vaxtlarla müqayisədə indi vətəndaşlarımız daha diqqətlidir. Tibbi maskalardan müəyyən qədər istifadə edilir. Ancaq hələ də kifayət qədər pandemiya şəraitinə adekvat davranmayan insanlar var. Onların çoxu koronavirusun mövcudluğuna şübhə ilə yanaşırlar. Hesab edirəm ki, sosial məsafəyə nail olmaq üçün ilk növbədə maarifləndirmə işləri davam etdirilməlidir. Vəziyyətdən asılı olaraq, addımlar atılmalıdır. Əgər artım tempi davam edərsə, Operativ Qərargah qabaqlayıcı tədbir kimi karantin rejimini sərtləşdirə bilər”.