“Ordu quruculuğu dövlətimiz üçün ən başlıca məsələdir”

“Daim bu reallıq diqqətə çatdırılır ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü, qüdrətli ordunun olması mütləqdir”


“Milli Ordumuzun yaradılmasının 102 illik yolu dünənimizə, bugünümüzə baxış fonunda perspektivlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan Silahlı Qüvvələri 1918-ci ildə yaradılmış Cümhuriyyət Ordusunun layiqli varisidir”. 

Bu fikiləri “Sherg.az”a açıqlamasında “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor bildirib ki, Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunur. Həmin tarixdən bu günədək Azərbaycan Ordusu zəngin inkişaf yolu keçib, müdafiə qabiliyyətini gücləndirib:



“1918-ci ildə dost və qardaş Türkiyədən gələn Qafqaz İslam Ordusunun və Əlahiddə Azərbaycan Korpusunun bölmələrinin torpaqlarımızı, xüsusilə Bakını işğaldan azad etməsi şanlı tariximizə qızıl hərflərlə həkk olunub”.

V.Rəhimzadə vurğulayıb ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin son 16 ildən artıq dövrdə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

“Dövlətimizin hərbi qüdrətinin artması və Silahlı Qüvvələrimizin regionda peşəkarlıq, təchizat və döyüş qabiliyyəti baxımından ən güclü orduya çevrilməsi bugünümüzün reallıqlarındandır. Hazırda Azərbaycan Ordusu beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan Ordusu qabaqcıl orduların sırasında layiqli yer tutub.

Ordu quruculuğu dövlətimiz üçün ən başlıca məsələdir. Daim bu reallıq diqqətə çatdırılır ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü, qüdrətli ordunun olması mütləqdir. Azərbaycan Ordusunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir.” 

V.Rəhimzadə qeyd edib ki, bu gün Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək gücündədir:

“2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin Naxçıvan qələbələrində bunun bir daha şahidi olduq. Azərbaycan Ordusu bu iki qələbə ilə bir daha hansı imkanlara malik olduğunu həm işğalçı Ermənistana, həm də dünyaya çatdırdı. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış əraziləri Ermənistan tərəfindən işğal edilib. Dünya birliyi və bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir, eləcə də Azərbaycanın haqlı mövqeyini müdafiə edirlər. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxarılması öz əksini tapıb.

Bununla yanaşı, digər beynəlxalq təşkilatların və dövlətlərin qərar və qətnamələrində Azərbaycanın dəyişməz mövqeyi dəstəklənir. Münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur”.