“Bu, rəsmi Moskvanın Azərbaycana münasibətinin təcəssümüdür”

“Ölkəmiz hər zaman Rusiya üçün Ermənistandan daha öndədir”

“Azərbaycan ittifaq ölkələri sırasında müharibənin qələbə qazanmasına ən böyük töhfə verən ölkədir”



“Faşizm üzərində qələbə paradı rəsmi Moskvanın dünyaya göstərdiyi siyasi-hərbi güc nümayişi oldu”.
Bu sözləri “Sherg.az”a açıqlamasında politoloq Turan Rzayev deyib. 
Analitik bildirib ki, koronavirus pandemiyasının ikinci dalğasının başlamasına baxmayaraq, Moskvada faşizm üzərində qələbənin 75 illiyi münasibətilə hərbi parad təşkil edildi: 

“Budəfəki parad bir sıra məqamları ilə yadda qaldı. Rusiya prezidenti Vladimir Putin bir daha başda ABŞ və Qərb olmaqla bütün dünyaya Rusiyanın qüdrətinin kiçik bir hissəsini göstərdi. Hərbi parada 14 min hərbçi, 234 tarixi və müasir hərbi texnika cəlb edilmişdi. 

Lakin bununla belə qələbə paradına rəsmi Moskvanın hərbi gücünü bütövlükdə nümayiş etdirdiyi bir platforma olaraq baxmaq doğru olmaz. Dünya ictimaiyyətinə göstərilən hərbi texnika Rusiya ordusunun çox az bir hissəsi idi. Putin, əslində, bununla rəqiblərinə "gördüyünüzdən qorxun ancaq görmədiyinizdən daha çox qorxun" demək istədi”. 

T.Rzayevin sözlərinə görə, paradın siyasi çəkisi daha çox oldu: 

“Putinin qonaqları sırasında ənənəvi ittifaq ölkələrindən başqa yeni simaları da gördük. Parada Rusiya ilə bərabər, 13 ölkənin hərbçiləri də qatıldı. Paradın iki gözlənilməz qonağı heç, şübhəsiz, Hindistan və Çin oldu. Maraqlıdır ki, bir neçə gün bundan öncə Hindistan-Çin sərhədindəki Qalvan vadisi və Ladaxda bir-birinə güllə atan iki ölkənin hərbiçiləri yenidən Moskvada bir araya gəldi. Hindistanın 20, Çinin isə 43 əsgər itirdiyi qarşıdurma Moskvada çoxdan “unudulmuşdu”.

 Putin bu iki Asiya nəhəngini ortaq məxrəcə gətirib Avrasiya blokuna daxil etmək istəyir. Cənubi Osetiya və Abxaziya liderlərinin dəvət edilməsi qələbə paradına yaraşmadı. Düzdür, Rusiya bu yolla Gürcüstana bir daha göz dağı vermiş oldu. Lakin istənilən halda, separatçı Cənubi Osetiya və Abxaziya liderlərinin Moskvaya digər ölkə liderləri ilə birlikdə dəvət edilməsi diplomatik səhv idi. Yəni rəsmi Moskvanın gözündə bu iki liderin digər qonaqlardan fərqi yoxdur. Bu mənada Moskvanın bu hərəkəti ciddi siyasi qalmaqla səbəb ola bilər”. 

Ekspertə görə, Azərbaycan həmişə olduğu kimi yenə Ermənistanı qabaqladı: 

“Paradı izlərkən bir məqam bizi qürurlandırdı. Söhbət qələbə paradında Azərbaycan hərbi heyətinin Ermənistan hərbçilərindən öndə getməsindən gedir. Mayor Səmid Məmmədovun başçılığı ilə Qırmızı meydanda qururla addımlayan Azərbaycan hərbçisinin ardından Ermənistan hərbiçiləri gəlirdi. Məsələ ondadır ki, bu heç də təsadüfi, sıradan bölgü deyil. Birincisi, bu, rəsmi Moskvanın Azərbaycan və Ermənistana göstərdiyi münasibətin təcəssümüdür. Yəni Azərbaycan hər zaman Rusiya üçün Ermənistandan daha öndədir.

İkincisi, Azərbaycan ittifaq ölkələri sırasında müharibənin qələbə qazanmasına ən böyük töhfə verən ölkədir. Heç şübhəsiz, bu bir qələbə paradıdır və hər bir ittifaq ölkəsinin xidmətləri danılmazdır.

Lakin Azərbaycan müharibənin qazanılmasında ən önəmli paya sahib ölkədir. Digər bir nüans isə Ermənistan bu müharibəyə Nijde Qaragin kimi faşist legionerler verdiyi halda, Azərbaycan Bakı nefti, yüksək oktanlı Bakı benzini və 600 mindən çox azərbaycanlının canı ilə töhfə verib. Məhz buna görə də Mayor Səmid Məmmədov başçılığı ilə Azərbaycan hərbiçiləri Ermənistan hərbiçilərinin önündə qürurla addımlayırdı.

Ordumuzun yürüşü ərəfəsində rusiyalı aparıcı Azərbaycanın Böyük Vətən müharibəsi zamanı qələbəyə verdiyi töhfələrdən danışıb, eləcə də 600 mindən çox azərbaycanlının müharibədə iştirak etdiyini vurğulayıb. Paradda müdafiə naziri, general-polkovnik Zakir Həsənov da Azərbaycanı layiqincə təmsil etdi”.