""Qarabağ" sözü bütün telekanallarda loqolaşdırılmalıdır"- Cahangir Məmmədli


Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, beynəlxalq ictimaiyyəti və xüsusilə dünya azərbaycanlılarını Qarabağ həqiqətləri ilə bağlı daha dərindən məlumatlandırmaq üçün “Qarabağ saatı” adlı yeni layihə başlayır.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən “Qarabağ Araşdırmalar Mərkəzi” ilə birgə reallaşdırılacaq. Mərkəz layihənin informasiya təminatını həyata keçirəcək. Layihə çərçivəsində Diaspor TV-də Azərbaycan və ingilis dillərində “Qarabağ saatı” adlı proqram yayımlanacaq, xaricdə yaşayan azərbaycanlı gənclərlə, eyni zamanda, xarici mütəxəssislərlə debatlar, videokonfranslar təşkil olunacaq.
Layihənin məsləhətçisi və TV proqramının aparıcısı “Qarabağ Araşdırmalar Mərkəzi”nin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədovdur.

Təşəbbüslə bağlı "Sherg.az"a danışan BDU- nun Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli bunun Qarabağ həqiqətlərinin dünyaya tanıdılması istiqamətində mühüm əhəmiyyətə malik olacağını deyib:

"Ordu günü münasibətilə zabit və əsgərlərimizlə görüşən Prezident İlham Əliyevin ordumuzun qüdrətindən qürurla danışması, Ermənistanın Dağlıq Qarabağda və ətraf rayonlardan işğal etdiyi torpaqlarımızda özbaşınalığı, vandalizm hərəkətləri haqqında fikirləri və həmin torpaqlarımızın belə bir ordu gücünə lap yaxın zamanlarda azad ediləcəyi ilə əlaqədər inamlı fikirləri Azərbaycan vətəndaşında inam hissini bir daha möhkəmləndirdi. Və bir də bizim hamımızda belə bir fikri bir daha yada saldı ki, Qarabağ problemi, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə  təkcə dövlət, ordu işi deyil, həm də bütöv xalqın işidir. Çox təəssüf ki, bəzən ictimai fikir, xüsusilə başı tok şoulara qarışan telekanallarımız, bütövlükdə KİV qurumlarımız Qarabağ problemini ikinci, üçüncü plana keçirir, bəzən heç yada salmırlar. Bu, çox təhlükəli bir tendensiyadır. Qarabağ ölkə prezidentinin ağrısını hər gün yaşadığı, ictimaiyyətlə hər görüşündə mütləq söhbət açdığı bir problemdir. Jurnalistikamız, telekanallarımız hansı haqla bu məsələni arxa plana keçirirlər? "Qarabağ" sözü bütün telekanallarda loqolaşdırılmalıdır. Şəxsən mənim bu anda təsəllim odur ki, Diasporla İş üzrə Dövlət Komitəsi "Diaspor TV"  - "Qarabağ saatı" adlı yeni bir telelayihə həyata keçirməyi planlaşdırır. Mən taleyüklü bu informasiyanı AZƏRTAC-dan aldım və çox sevindim ki, belə bir proqram formatı tezliklə "YouTube"da efirə çıxacaq".
 
 C. Məmmədlinin fikrincə, bu işin professor Elçin Əhmədova həvalə edilməsi ona olan inam və etimaddan xəbər verir:

"Ona da çox sevindim ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının nəzdində fəaliyyət göstərən "Qarabağ Araşdırmalar mərkəzi" ilə birlikdə həyata keçiriləcək. Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur ki, həmin Mərkəzin rəhbəri siyasi elmlər doktoru, professor Elçin Əhmədov bir az əvvəl televiziyada həyata keçirdiyi "Qarabağ həqiqətləri" adlı möhtəşəm və çox gərəkli bir proqram formatı ilə bu sahədə çox böyük iş görmüş və mükəmməl təcrübə qazanmışdır. Diasporla İş üzrə Dövlət Komitəsinin gerçəkləşdirməyə planlaşdırdığı "Qarabağ saatı" proqram layihəsinə  Elçin müəllimin məsləhətçi və aparıcı olmasını lazım bilmişdi. 

  Mən jurnalistikaya az- çox bələd olan bir adam kimi deyə bilərəm ki, Diasporla Komitəsinin son vaxtlar apardığı çox vacib maarifçilik fəaliyyətində bu layihə xüsusi yer tutacaq. Həm də ona görə ki, "Diaspor TV" YouTube-da yayımlanan pandemiya dövründə hər birimizin güvəndiyimiz ən səmərəli vasitə kimi bir sosial şəbəkənin yerüstü TV kanallarından dəfələrlə çox auditoriyaya sahibliyinin şahidi olduq.

Bu gün yerüstü TV-lər də özünüreklam işində sosial şəbəkələrə üz tuturlarsa, deməli, TV- nin sabahı elə bu şəbəkələrlə bağlı olacaq. 
  Mən bir vətəndaş kimi həm Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  bütün fəaliyyətini, o cümlədən Dağlıq Qarabağ həqiqətləri üzrə  araşdırmalarını hər an hiss edirəm və qürur duyuram ki, vətən sevgisi ilə yaşayan belə bir Akademiyamız- təhsil müəssisəmiz var!
  Sonda onu da deyim ki, "Qarabağ saati" Azərbaycan və ingilis dillərində yayımlanacaq. Professor Elçin Əhmədov "Qarabağ həqiqətləri"ndə qazandığı təcrübə əsasında dünyanın aparıcı politoloqlarını, siyasət adamlarını, xaricdəki Qarabağ severlərimizi efirə dəvət etməklə öz bacarığını, vətəndaşlığını, vətən sevgisini dünyaya çatdıracaq. Şuşada doğulub, Şuşada böyümüş Elçin Əhmədov Qarabağ problemini təkcə bir politoloq kimi deyil, həm də bu dərdi bir vətəndaş kimi dünyaya çatdıracaq. "Diaspor TV"yə və Diaspor Komitəsinə uğurlar".