“Peşəkar media fakta, vətəndaş jurnalistikası bilgiyə söykənir” – Hər məlumat fakt olmur !

Zeynal Məmmədli: “Vətəndaş jurnalistikası əksər hallarda sadəcə iddiadır, bilgidir. Amma bilgi təsdiqlənməyib”

Elşad Eyvazlı: “Sadə yazılar yazan jurnalistlər ciddi yazılar yazan  jurnalistlərdən kifayət qədər çox tanınırlar”




 Jurnalistika cəmiyyətin ayrılmaz tərkib hissəsidir. Elə bunun nəticəsidir ki, ölkədə vətəndaş jurnalistikası da inkişaf edir. Belə institutun yaradılması yeni akademik standartların formalaşması deməkdir. Azərbaycan cəmiyyəti yeni müstəqil və informasiyalı vətəndaş cəmiyyətinə keçir. Bu o deməkdir ki, jurnalistikamıza yeni prinsiplər daxil olur. İnnovativ meyarların yaranması akademik institut mövzusunu aktuallaşdırır. Bu baxımdan ictimai rəyi formalaşdıran vətəndaş jurnalistikasının olması vacib sayılır.
Ona görə ki, bütün hallarda jurnalistika ictimai dəyərlərə xidmət göstərir. Jurnalistika elə bir institutdur ki, o, öz-özünü təhlil edir və faydasız olanları kənara atır. Bu səbəbdən də vətəndaş jurnalistikasından çəkinmək lazım deyil. 
Hazırkı dövrdə iddia edilir ki, vətəndaş jurnalistikası klassik medianı üstələyib. Azad ölkə, azad cəmiyyət olduğumuza görə insanlar gördükləri hadisəni dərhal telefona çəkib sosial şəbəkələrdə paylaşırlar. Klassik medianın isə qızıl qaydaları, prinsipləri var. Jurnalist baş verən hadisənin səbəbini araşdırmalı, hər hansı bir məlumat rəsmi təsdiqini tapmalı, hadisə ən azı 3 mənbədən dəqiqləşdirilməlidir. Bir sözlə, peşəkar media və ya jurnalistikanın sərhədləri, ölçüləri, prinsipləri, qaydaları var. Vətəndaş jurnalistikası isə heç bir ölçü, qayda, sərhəd  tanımır. Maraqlıdır, görəsən, cəmiyyət olaraq hansıa daha çox inanmalı, etimad göstərməliyik?  Vətəndaş jurnalistikasını ciddi xəbər mənbəyi hesab etmək olarmı?



Suallarımıza cavab tapmaq məqsədilə tanınmış  media eksperti Zeynal Məmmədli  ilə əlaqə saxladıq. Mütəxəssis “Sherg.az" a bildirdi ki, vətəndaş jurnalistikası peşəkar medianın məlumat qaynaqlarından birinə çevrilir:

“Vətəndaş jurnalistikasında hər bir vətəndaş öz fikrini bildirmək imkanı qazanır.Verilən mövzuyla bağlı qaynaqlar tapılmalı və buradakı məlumat fakta çevirməlidir. Çünki məlumat hələ fakt deyil, onu təsdiqləmək lazımdır. Vətəndaş jurnalistikası əksər hallarda sadəcə iddiadır, bilgidir. Amma bilgi təsdiqlənməyib. Vətəndaş jurnalistikası elə deyil. Peşəkar medianın inkişafı üçün vətəndaş jurnalistikasını ciddi rəqib saymaq olar. Ancaq vətəndaş jurnalistikasında məlumat fakta əsaslanmadığına görə  müqayisə etmək olmaz. Peşəkar media fakta əsaslanır və qanun qarşısında cavab verir”.



“Modern.az” saytının  baş redaktoru Elşad Eyvazlı qeyd edib ki, artıq dünya qeyri-ciddi dünyadır: 

“Belə dünyada ciddi mətbuat axtarılmamalıdır. Hazırda dövr dəyişib və dünyamıza, dövrümüzə, təbiətimizə  uyğun da mətbuat var. Sadə yazılar yazan jurnalistlər ciddi yazılar yazan  jurnalistlərdən kifayət qədər çox tanınırlar. Artıq bu hadisə ənənə halını alıb. Düşünürəm ki, dövrün tələbi, istəyi budur. Bu o demək deyil ki, jurnalistika qeyri-ciddi məsələlər üzərində köklənsin, dünya jurnalistikasının araşdırma, təhlil kimi janrları yox olsun, amma təəssüflər olsun ki, dünya buna tərəf gedir”.

Fidan HƏBİBLİ