“Şanlı ordumuz hər kəsin inamını doğruldacaq”

“26 iyun 1918-ci il tarixdə Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə ilk hərbi hissə- əlahiddə korpus yaradıldı. Belə bir qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına tam hüquqi əsas verir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Məşhur Məmmədov deyib.
Deputatın sözlərinə görə, bu gün bir daha həmin tarixə nəzər salsaq görərik ki, ilk Milli Ordunun yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir:

“Həmin vaxtlarda Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, yəni müsəlman övladlarının hərbi xidmətdən “azad” olunmaları, onların hərbi işləri yadırğamasına səbəb olurdu. Bundan əlavə 1917-1918-ci illər ərzində erməni təcavüzünün güclənməsi də məhz Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoydu. Bu kimi halların varlığı səbəbindən də, təcili ordu quruculuğu prosesinə başlamaq zərurətə çevrildi.

Qısa müddət ərzində Cumruriyyətin yaratdığı Milli Ordu birləşmələri Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edib. Hətta, bu ordu birləşmələri Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini də darmadağın edirlər.

Həmin vaxtlarda lazımi uğurların əldə olunmasında Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generallarının çox böyük rolu olub. Qırmızı bolşevik istilasından sonra AXC süqut etdi, bu zaman bolşevik hökuməti Milli Ordunu ləğv etdi və onun rəhbər şəxslərinin əksəriyyətini Nargin adasına aparıb orada gülləldilər”.

Parlament üzvü bildirib ki, 1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə müstəqillik hüququnu əldə etdikdən sonra isə, yenidən Milli Ordu quruculuğununun yaradılması prosesinə başlanıldı:

“18 sentyabr 1992-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı fərman əsasında, Azərbaycan ordusunun yaradılması haqda Ali Sovetin qərarının qəbul edildiyi tarix – 9 oktyabr Silahlı Qüvvələr günü elan olundu. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Sərəncamına əsasən həmin fərman qüvvədən düşdü və Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Artıq həmin ildən bu tarixi gün rəsmi dövlət bayramı günü olaraq qeyd olunmaqdadır”.

Parlamentarinin fikrincə, Silahlı Qüvvələrin yaradılması müstəqil Azərbayca Respublikasının dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir:

“Milli Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin dönməz və əbədi olmasını tam şəkildə təsdiq edir. Fakt budur ki, əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrümüzdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olub. Heydər Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verib, gələcəkdə onun daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaradıb”.

M.Məmmədov bildirib ki, hər il büdcə vəsaitləri hesabına öz qüdrətini artıran Azərbaycanın Silahlı Qüvvələri, Prezident İlham Əliyevin rəhbərliyi altında öz nüfuzunu getdikcə artıracaq:

“İtirilmiş torpaqlarımızın geri qaytarılması təmin ediləcək. Bir sözlə, şanlı ordumuz hər kəsin inamını doğruldacaq”.