“Ümid yalnız immunitetə qalır” – Təbii yolla gücləndirilməlidir !

“Təcrübə göstərir ki immuniteti güclü olanlar sağalır, zəif olanlar ilə həyatını itirir”

“Bu konkret faktdır və bütün tədbirlər məhz bu istiqamətdə aparılmalıdır”



“Məlum olduğu kimi maskanın qoruma səviyyəsi aşağıdır. Ona görə də virusdan qorunmaq üçün təkcə bununla kifayətlənmək olmaz”.
Bu barədə “Sherg.az”a “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib. 
Birlik sədri qeyd edib ki, yoluxmaların artması nəyinsə düz getmədiyini göstərir: 

“Müşahidələrimə görə, son vaxtlar daha çox adam maskadan istifadə edir. Ancaq qəribədir ki, maska taxılması artdıqca virusa yoluxma da artır. Həm də yoluxanların içində çoxu maskadan istifadə edənlərdir. Bir insanın gündəlik fəaliyyəti zamanı həm əlləri, həm əşyaları, həm də paltarları neçə yerə dəyir və bunların hamısını fasiləsiz dezinfeksiya etmək çətindir. Gərək evə gələndə qapının qarşısında tam soyunasan və birbaşa hamama girib, bütün geyimlərin dezinfeksiya üçün paltaryuyana qoyasan. Göründüyü kimi tam qorunma praktiki olaraq mümkün deyil. Ona görə də təkcə maskaya arxayın olmaq olmaz, başqa tədbirlər də görülməlidir. Əsasən qapalı məkanlarda yığışmaq böyük problemdir. Ümumiyyətlə, yoluxmadan qaçmaq imkanları minimaldır. Ona görə də çalışmaq lazımdır ki, immunitet güclü olsun. Təəssüf ki, nə alimlər, nə həkimlər bunu təbliğ edirlər, sadəcə deyirlər ki, hamı yoluxacaq”. 



E.Bayramlının sözlərinə görə, əgər hamı yoluxacaqsa, ümid yalnız immunitetə qalır: 

“Bu virusun dərmanı yoxdur və verilən dərmanlar da immuniteti süni yolla gücləndirmək üçündür. Ondansa immuniteti əvvəldən təbii yolla gücləndirmək məsləhətdir. Təcrübə göstərir ki immuniteti güclü olanlar sağalır, zəif olanlar ilə həyatını itirir. Bu konkret faktdır və bütün tədbirlər məhz bu istiqamətdə aparılmalıdır. Təəssüf ki, əhali bununla bağlı maarifləndirilmir. Nəticədə yoluxma və ölüm sayı artır. Televiziyalar bütün günü şou verilişlər, qorxulu xəbərlər verib ürəyi zəif insanları ağır vəziyyətə salmaqdansa, bu bəladan necə sığortalanmağın,  yoluxduqda tez sağalmaq üçün immunitetlərini gücləndirməyin yollarını izah etməlidir”.