“Cərimələr də insanları maska taxmağa məcbur edə bilmir”

“Çıxış yolu qanunun yerinə yetirilməsinə ciddi nəzarət edilməsidir”

"Hətta qanunun sərtləşdirilməsidir. Yüksək cərimə vermək istəməyən isə 30 qəpiklik tibbi maska ilə həm özünü, həm də büdcəsini qoruya bilər”



"Koronavirusa qarşı mübarizə bu gün bütün bəşəriyyətin gündəliyində duran bir nömrəli məsələdir".
"Sherg.az"ın xəbərinə görə, bunu millət vəkili Aydın Mirzəzadə feysbuk proflində yazıb.
Deputat vurğulayıb ki, artıq hamı razılaşır ki, bu problemin həll edilməməsi sivilizasiyanın bütün nailiyyətlərini ciddi təhlükə altına almış olur:

"Bu probelmlə Azərbaycanda da ciddi mübarizə aparılır. Məhdudlaşdırıcı tədbirlər sisteminin tətbiqi, xəstələrin müalicəyə alınması problemin bütün cəmiyyətə yayılmasının qarşısını alır. Bununla belə hələ də gündəlik bu xəstəliyə yoluxanların sayı çox yüksəkdir. Karantinə alınan bölgələrin sayı durmadan artır. Bunun səbəblərinin araşdırılması isə məsələnin kökündə heç də hər kəsin karantin rejimi tələblərinə riayət etməməsinin olduğunu göstərir. İcitimai yerlərdə tibbi maska taxılmaması, sosial məsafənin gözlənilməməsi çox təəsüf ki, çox yayılıb. Hər birimiz hər gün bunun şahidi oluruq".

Parlament üzvü bəyan edib ki, son dövrlərdə  tibbi maska taxılmamasına görə cərimlərin tətbiqi yenə bu hər kəsi ictimai yerdə tibbi maska taxmağa məcbur edə bilmir:

"Müxtəlif bəhanələr gətirilir, ən qəribəsi isə bir çoxlarının üzlərinə deyil, çənələrinə maska taxaraq polis görən kimi maskan yuxarı qaldırmalarıdır. Bununla kimisə aldatmaq olar, amma koronavirus hiylə tanımır və kiçik bir ehtiyatsıqlıq insanın bu ağır xəstəliyə düçar olmasına gətirib çıxarır. Artıq ölkəmizdə 15 mindən çox insan bu xəstəliyə yoluxub, 200-ə qədər vətəndaşımız bu səbəbdən həyatını itirib. Onların içində tanınmış simalar, o cümlədən hər birimizin yaxın adamları da var".

A.Mirzəzadənin fikrincə, çıxış yolu qanunun yerinə yetirilməsinə ciddi nəzarət edilməsidir:

"Hətta qanunun sərtləşdirilməsidir. Yüksək cərimə vermək istəməyən isə 30 qəpiklik tibbi maska ilə həm özünü, həm də büdcəsini qoruya bilər. Koronavirusu həyatımızdan yox eləmək hər birimizin vəzifəsidir".